Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdır - FOTO

COP29
12:00 / 09.05.2024
429

ABŞ şirkətləri bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29-da iştirakda maraqlıdırlar.

Qaynarinfo səfirliyə istinadən xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Baker Hughes müəssislərinə ziyarət edərkən və şirkətin ölkəmizdəki nümayəndəsi Zaur Allahverdizadə ilə görüş zamanı deyib.

“Amerikanın neft-qaz avadanlıqları və xidmətlərinin iri tədarükçüsü olan Baker Hughes şirkətinin Azərbaycandakı nümayəndəliyində 300-dən çox şəxs çalılşır. Şirkət SOCAR Upstream ilə sıx əməkdaşlıq edir. Səfirə Baker Hughes şirkətinin “yaşıl” enerji, habelə şaxələndirilmə və inklüzivlik siyasəti sahəsində təşəbbüsləri barədə məlumat verilib. O “yaşıl” enerjinin inkişafı məqsədilə normativ-hüquqi bazanın vacibliyini qeyd edib və Amerika şirkətlərinin Azərbaycanın bərpaolunan enerji sektoruna, o cümlədən COP29-da iştirakda maraqlı olduğunu vurğulayıb”,- səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, cari ilin noyabr ayında Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə Bakı dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır.

Burada tərəflər Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

0