İsrailin İrana hücumunun təfərrüatları: "Söz verdiyimizi etdik"

DÜNYA
15:36 / 19.04.2024
166

Amerika mətbuatının məlumatına görə, İsrail ordusu İsfahanda İranın böyük aviabazasına hücum edib.

HİT.az xəbər verir ki, "Bild"in İsrailin yüksək rütbəli təhlükəsizlik rəsmilərindən öyrəndiyinə görə, baş nazir Benyamin Netanyahu hücuma hazırlaşarkən özünün döyüş kabinetinin üzvləri ilə saatlarla danışıb. Lakin İsrail aviabazaya hücuma görə məsuliyyəti rəsmi olaraq üzərinə götürmür.

İsrailli mənbə "Bild"ə deyib: "Söz verdiyimizi etdik".

Həftəsonu İran və onun bölgədəki müvəkkil qüvvələri İsrailə doğru 500-dən çox raket və pilotsuz təyyarə atıblar ki, onların böyük əksəriyyəti İsrail və ABŞ hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bu gün İran mediası ilkin olaraq İsfahan şəhəri yaxınlığında üç partlayış barədə məlumat yayıb, lakin Tehran buna görə İsraili günahlandırmır və raket hücumundan danışmır. "Bizim heç bir insidentimiz və ya dağıntımız olmayıb", deyə İran rəsmiləri bildirib.

Az sonra əlavə ediblər ki, İran ordusu bir neçə pilotsuz uçan aparatı vurmağa nail olub. Bununla belə, yüksək rütbəli iranlı məmurlardan biri "Reuters"ə deyib ki, İrana heç bir xarici hücum olmayıb.

"NBC News" vəziyyətlə tanış olan mənbəyə istinadən xəbər verir ki, ABŞ İsrailin İrana zərbə endirməsində iştirak etməyib, lakin bu barədə məlumatlandırılıb.

"The Jerusalem Post" qeyd edir ki, İrandakı aviabazaya hücumla paralel olaraq Suriyada, eləcə də İraqın iki vilayətində partlayışlar qeydə alınıb. Partlayışların dəqiq nəyə səbəb olduğu və onların arxasında İsrail ordusunun olub-olmadığı hələ də bəlli deyil.

Samir

0