Əsgər nişanlısının yazdığı bu məktuba görə intihar edibmiş...

ÖLKƏ
14:35 / 11.07.2022
1211

Son vaxtlar qeyri-döyüş şəraitində əsgər ölümlərinin sayında artım müşahidə edilir. Rəsmi məlumatlarda ölümlərə səbəb kimi əsasən avtoqəza, silahdan ehtiyatsız davranma və bu iki digər amillər göstərilir. Müharibədən sonra ölüm hallarının əksəriyyəti işğaldan azad edilmiş bölgələrdə baş verib ki, bu da şəxsi heyətin təhlükəsizliyinin qorunması istiqamətində daha ciddi işlərin görülməli olduğunu göstərir.

Hərbi ekspert Ədalət Verdiyev Modern.az-a açıqlamasında ölüm hallarının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib:

“Statistika olmadan ölümlərin əsas səbəbini söyləmək olmaz. Bu gün azad olunmuş ərazilərdə on minlərlə əsgər xidmət aparır. Hər bir əsgər ayrı fərddir, onların şəxsi həyatlarında müxtəlif problemləri ola bilər. Bu cür ölümlərdə təkcə komandiri günahlandırmaq doğru deyil. Bəzən əsgərin ailə problemləri onun həyatını sonlandırmağa gətirib çıxara bilir. Bir də görürsən, ali təhsilli əsgər belə xidmət zamanı ailəsindən aldığı xəbərə görə intihar edir. Xidmət zamanı bunun dəfələrlə şahidi olmuşam. Bir əsgərin nişanlısı məktubunda zarafatla başqasıyla evləndiyini yazmışdı. Həmin əsgər bu xəbəri eşidəndən sonra intihar etmişdi. Düşünmək lazımdır ki, bu insan xidmətdədir, hər an yanında silah olur. Şəxsi heyətlə daim təmasda olmaq, onun daxili aləminə nüfuz etmək komandirin borcudur. Lakin ordu mülki həyatın bir hissəsi olduğundan intiharlar da ola bilər”.

Ə.Verdiyev qeyd edib ki, təhlükəsizlik qaydalarının pozulması sonra ölümlərə səbəb olur: “Buna komandirlər nəzarət etməlidir. Hər bir əsgərin ilk olaraq həyatının təhlükəsizliyi, sağlamlığı təmin olunmalıdır. Bundan sonra hansısa proseslər, fəaliyyətlər həyata keçirilməlidir. Ümid edirik ki, bundan sonra hərbidə ölüm hallarının sayını daha az eşidərik. Belə halları yüz faiz istisna etmə olmaz, amma qabaqlayıcı tədbirlər həyata keçirmək mümkündür”.

0