Adətə görə, məhərrəmlik və onun ardıyca gələn Səfər ayı ilə əlaqədar olaraq bir çox hallarda toy mərasimlərinin keçirilməsi təxirə salınır. Səfər ayının bitməsinə isə sayılı günlər qalıb və sentyabrın 3-də bu ay başa çatır. Beləliklə, ölkəmizdə toy mövsümü başlayır. Bununla əlaqədar olaraq qızıl-zinət əşyalarına tələbatın da artdığı müşahidə olunmaqdadır. Bəs tələbatın artması qiymətlərə necə təsir göstərə bilər?
“Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, araşdırmalar ölkədə zərgərlik məhsullarının satışının daha çox toylarla bağlı olduğunu göstərir:
“Həmişəki kimi Ramazan və Məhərrəmlik aylarında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında bu mövsümlərdə alıcılıq qabiliyyəti təqribən 50 % aşağı düşür. Qızıl bazarında toy mövsümünün yaxşınlaşması ilə əlaqədar aktivlik hiss olunur”.
Mütəxəssis həmçinin bildirib ki, hazırda qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb: “16-17 avqust tarixlərində qızılın qiyməti güclü tələbat səbəbindən tarixi maksimuma çatıb. Mütəxəssis deyib ki, bazar qiymətləri həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna münaqişəsində artan geosiyasi gərginliklə dəstəklənir: “Dünyanın bir neçə bölgəsində baş verən hadisələr, ABŞ və Çin iqtisadiyyatında qeyri-müəyyənlik qızılın qiymətinə təsir edən digər amillərdir. Bir neçə ay bundan öncə qızılın bir unsiyaya görə 2,500 dollara qədər artması proqnozlaşdırılmışdı və hazırda qiymətlərdə artım tendensiyası müşahidə olunur. Yaxın vaxtlarda dünya bazarında qızıl qiymətinin bir unsiya üçün 2 600 ABŞ dollarına yüksələcəyi proqnozlaşdırılır”.
R.Əmircanov vurğulayıb ki, qızıl bazarı qiymətli metalların və qiymətli daşların birja qiymətləri ilə tənzimlənir: “Hazırda London əmtəə birjasında qızılın 1 unsiyasının qiyməti 2 520-2 530 ABŞ dolları arasında dəyişir. O cümlədən, birjada 999,9 əyar qızılın 1 qramının qiyməti 81 ABŞ dollarıdır (təxminən 137 manat), 750 əyar qızılın 1 qramının qiyməti 61 ABŞ dolları (təxminən 103 manat), 585 əyar qızılın 1 qramının qiyməti isə 47 ABŞ dolları (təxminən 81 manat) təşkil edir. Yerli bazarda satış qiymətləri isə 999,9 əyar qızıl üçün 145-155 manat, 750 əyar qızıl üçün 135-155 manat, 585 əyar qızıl üçün isə azı 105-110 manatdır”.
“Azərbaycanın qızıl bazarında bahalaşmanın dünya birjasına uyğun olaraq davam edəcəyini proqnozlaşdırmaq olar. Çünki dünya qızıl birjasında baş verən dəyişikliklər Azərbaycanın da qızıl bazarında qiymətlərin artması prosesinin davam etməsinə əsas verir. Bunlar bir-biri ilə bağlı məsələlərdir. Azərbaycanın qızıl-qiymətli metallar və daşlar idxal etdiyi əsas ölkələr Türkiyə, BƏƏ, İtaliya, Rusiya və Çindir. Dünya birjasına uyğun olaraq həm ölkəmizə idxal edilən, həm də yerli istehsal edilən məmulatların qiyməti artmaqdadır”, - R.Əmircanov əlavə edib.
İqtisadçı ekspert Xalid Kərimli İqtisadiyyat.az-a açıqlamasında deyib ki, son bir illə müqayisədə qızılın qiymətində 640 dollar civarında artım müşahidə olunur.
Onun sözlərinə görə, ötən ilin avqust ayında qızılın qiymətləri 1900 dollar ətrafında idisə, hazırda bu rəqəm 2540 dollar civarındadır.
Ekspert vurğulayıb ki, qızılın son bir ildə 35% bahalaşması müşahidə olunur: “Bunun müxtəlif səbəbləri var. Dünyada gedən hərbi, siyasi gərginliklə əlaqədar qeyri-müəyyənliklərin artması, bundan başqa, inflyasiya templərinin aşağı düşməsi, iri ölkələrin mərkəzi banklarının faiz dərəcələrini aşağı salması gözləntiləri də qızıl qiymətlərini yüksəldir”.
İqtisadçı vurğulayıb ki, qızıl qiymətlərinin bahalaşması birmənalı olaraq Azərbaycan bazarında da həm yığım vasitəsi kimi istifadə olunan xam qızılın qiymətinin artmasına təsir göstərəcək, həm də zərgərlik məhsullarının bahalaşmasına gətirib çıxaracaq: “Təbii ki, saniyəlik, dəqiqəlik, günlük dəyişikliklər bazarda əks olunmaya bilər. Amma trendin özünün artım istiqamətində olması qızıl bazarında da qiymətlərin tədricən yüksəlməsinə gətirib çıxaracaq. Çünki qızılın qiyməti dünya bazarında formalaşır. Azərbaycandakı qiymətlər də dünya bazarı əsasında formalaşır. Doğrudur, zərgərlik məhsullarında qiymət dəyişimləri daha geniş intervalla öz təsirini göstərir. Çünki burada zərgərlik bazarında təkcə xam qızılın qiyməti yox, həm də digər xərclər də məhsulun maya dəyərində rol oynayır. Eyni zamanda tələb də burada nəzərə alınmalıdır. Amma ümumi şəkildə qiymət artımları müəyyən zaman aralıqlarında həm yığım vasitəsi kimi nəzərdə tutulan qızıl məhsullarında, həm də zərgərlik məhsullarında qiymətin dəyişməsinə təsir göstərir”.
İqtisadçı ekspert Natiq Cəfərli isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, Azərbaycan bazarı dünya bazarındakı qiymətlərə həssas yanaşır. O bildirib ki, dünya bazarında qiymətlər artan kimi Azərbaycanda da qızıl qiymətlərinin yüksəlməsi müşahidə olunur:
“Qızılın qiymətləri dünyadakı burulğanlı vəziyyətə, problemlərə, geosiyasi gərginliklərə, müharibələrə görə güvənli limon kimi davranır. Yəni investorların bir çoxu qızıla yatırım edir deyə qızılın qiyməti qalxır. Hətta düşünürəm ki, sentyabrda Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini aşağı endirsə, yəni 0,25, yaxud da 0,50 faiz aşağı çəksə, bu, daha çox qızılın bahalaşmasına səbəb olacaq. Çünki dollar indeksində ucuzlaşma baş verəcək. Bu, həmişə belə olur. Dollar ucuzlaşdıqca qızıl daha çox bahalaşır. Təbii ki, burada söhbət Azərbaycandan deyil, dünyadan gedir. Ona görə də qızılın qiymətində sentyabr-oktyabr aylarında daha çox artım müşahidə oluna bilər. Bu da Azərbaycan bazarında qiymətlərə təsir göstərəcək və toy mövsümü ilə əlaqədar tələbat da artacaq. Bu da qızılın qiymətinin daha çox yüksəlməsinə səbəb ola bilər”.