Xalq artisti: “Özəl studiyaların çəkdiyi peşəkar film sayılmır”

MƏDƏNİYYƏT
12:20 / 02.06.2026
110

Azərbaycan kinosu uzun illər ərzində xalqın mənəvi dünyasını, həyat tərzini və milli xüsusiyyətlərini özündə əks etdirən mühüm mədəniyyət sahələrindən biri kimi formalaşıb. 

Müxtəlif dövrlərdə ərsəyə gətirilən ekran əsərləri təkcə tamaşaçıların marağına səbəb olmayıb, həm də cəmiyyətin düşüncə tərzinə, milli şüurun formalaşmasına təsir göstərib. Keçmişdə çəkilən filmlərdə insanların gündəlik həyatı, ailə münasibətləri, vətənpərvərlik hissləri və mənəvi dəyərləri peşəkar şəkildə təqdim olunub. Bu ekran əsərləri öz bədii keyfiyyətləri ilə seçilərək nəsillər arasında mədəni körpü rolunu oynayıb, Azərbaycan xalqının zəngin irsinin gələcək nəsillərə çatdırılmasına töhfə verib. Ancaq son illər bu sahədə vəziyyət fərqli istiqamətdə dəyişib. 

Maraqlıdır, son illərdə nə üçün ölkəmizdə keyfiyyətli filmlər ərsəyə gətirilmir? Ümumiyyətlə, Azərbaycan film sahəsinin inkişafı üçün hansı addımlar atılmalıdır?

Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Hit.az-a açıqlamasında deyib ki, son zamanlar çəkilən filmlər peşəkar kino istehsalı ilə məşğul olanlar deyil: 

“Orada olan insanların əksəriyyəti hansısa sahə üzrə yüngül təhsil alıb, prodakşın açıb film, seriallar çəkirlər. Biz onlara nə qadağa qoya bilərik, nə də işlərinə müdaxilə edə bilərik”. 

Rejissor onu da bildirib ki, peşəkar kinonu özəl studiyalar deyil, Cəfər Cabbarlı adına Azərbaycan Film Studiyası çəkib:

“Özəl studiyalar tərəfindən çəkilən filmlərin peşəkar film sayılmır. Onlar kommersiya üçün nə istəyirlər, onu çəkirlər, nəticə də göz önündədir”.
 
Həmsöhbətimiz hesab edir ki, həmin özəl studiyaları dayandırmaq üçün ayrıca icra mexaznizmi olmalıdır: 

“Əgər peşəkar kinostudiya varsa, həmin insanlar gəlib orada iş görməli, formalaşmalıdır ki, istedadlar seçilsin, peşəkar səviyyədə filmlər çəkilməlidir. İndi kim haradan vəsait tapıb film çəkirsə, biz onlara qarışa bilmərik”.

Günel Cəlilova

0