Türkiyədə fəaliyyət göstərən və Azərbaycan-Türkiyə birliyinə, sarsılmaz qardaşlıq münasibətlərinə mühüm töhfələr verən Azərbaycan dərnəklərindən daha biri - Trabzon Şuşa Qardaşlıq və Mədəniyyət Dərnəyi təsis edilib.
Hit.az xəbər verir ki, dərnəyin sədri Oğuzhan Taşdelen dərnəyin yaradılması və gələcək fəaliyyət istiqamətləri barədə danışıb.
O bildirib ki, mayın 17-22-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Trabzon və Şuşa şəhərləri arasında qardaşlıq memorandumu imzalanıb:
"Məhz bu mühüm hadisəyə istinad edərək dərnəyimizin yaradılması və bu istiqamətdə fəaliyyət göstərməsi qərarına gəldik. Dərnəyimizin əsas məqsədi Trabzon və Şuşa şəhərləri arasında mövcud olan qardaşlıq münasibətlərini mədəniyyət, tarix və elmi əməkdaşlıq sahələrində daha da inkişaf etdirməkdir. Fəaliyyətlərimizin əsas istiqamətini seminarların, konfransların, panellərin və müxtəlif akademik tədbirlərin təşkili təşkil edəcək.
Bizim üçün Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, milli kimliyimizin, tariximizin və mənəvi dəyərlərimizin rəmzidir. Trabzon isə Türkiyənin zəngin tarixi və mədəni irsə malik şəhərlərindən biridir. Bu iki şəhərin qardaşlığını mədəni layihələr, ortaq tədbirlər və elmi təşəbbüslər vasitəsilə daha da möhkəmləndirmək niyyətindəyik".
Dərnək sədri əsas hədəflərinizdən birinin də gənc nəslin Azərbaycan və Türkiyə tarixini, mədəniyyətini və ortaq dəyərlərini daha yaxından tanımasına şərait yaratmaq olduğunu söyləyib:
"Bu məqsədlə hər iki şəhərin ziyalılarını, tədqiqatçılarını, sənət adamlarını və gənclərini bir araya gətirən layihələr həyata keçirməyi planlaşdırırıq. Əminik ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin təməlində dayanan qardaşlıq ruhu bu cür təşəbbüslərlə daha da güclənəcək. Trabzon Şuşa Qardaşlıq və Mədəniyyət Dərnəyi olaraq biz də bu böyük birliyə öz töhfəmizi vermək, iki xalqın ortaq mədəni irsini gələcək nəsillərə ötürmək üçün fəaliyyətimizi davam etdirəcəyik”.


