Turizmin inkişafı üçün hansı işlər görülməlidir?

TURİZM
15:35 / 21.10.2026
168

Azərbaycan zəngin təbiəti, tarixi-mədəni irsi, milli mətbəxi və fərqli turizm marşrutları ilə beynəlxalq turizm bazarında geniş imkanlara malikdir. 

Lakin bu potensialdan daha səmərəli istifadə etmək üçün yalnız ölkənin tanıdılması deyil, turistlərə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsi, qiymət siyasətinin rəqabətə uyğunlaşdırılması və regionlarda turizm infrastrukturunun inkişafı da vacibdir. Bəs Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini gücləndirmək, daha çox xarici turist cəlb etmək və ölkəni ilboyu seçilən turizm istiqamətinə çevirmək üçün hansı addımlar atılmalıdır?

İqtisadçı ekspert Xalid Kərimli Hit.az-a açıqlamasında deyib ki, turizmin inkişafı üçün qəbul edilən proqramlarla yanaşı, turistlərin ölkəyə gəlişini asanlaşdıran real addımlar atılmalıdır: 

“Turizmin inkişafı üçün ilk növbədə sərhədlərlə bağlı məhdudiyyətlər aradan qaldırılmalı, turistlərin ölkəyə rahat gəlişi təmin edilməlidir. Turizmin inkişafını istəyiriksə, məhdudiyyətlərin hansı sahələrdə olduğunu araşdırmalı və aradan qaldırmalıyıq. Bu məsələdə Gürcüstanın təcrübəsindən yararlanmaq mümkündür”.

413386

Ekspertin fikrincə, Azərbaycanın təbiət və iqlim xüsusiyyətləri Aralıq dənizi ölkələri ilə müqayisədə yay turizmi baxımından müəyyən fərqlər yaradır:

“Belə ki, həmin ölkələrdə turizm mövsümü aprelin sonlarından oktyabrın sonunadək davam etdiyi halda, Azərbaycanda yay mövsümü əsasən iyunun ortalarından avqustun sonunadək olan dövrü əhatə edir. Təbii və iqlim şəraitini dəyişmək mümkün olmasa da, turistlər üçün imkanları genişləndirmək olar. Turistlərin ölkəyə gəlişini asanlaşdırmalı, viza prosedurlarını sadələşdirməli və ya mümkün olan istiqamətlərdə vizasız rejim tətbiq etməliyik. 

Eyni zamanda, aşağıbüdcəli aviaşirkətlərin ölkəmizdə rahat fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Əsas məsələ turistin ‘Mən niyə məhz bu ölkəyə getməliyəm?’ sualına inandırıcı cavab tapmaqdır”.

İqtisadçı hesab edir ki, turizm potensialının artırılması üçün ölkənin üstünlükləri düzgün müəyyənləşdirilməli və hədəf auditoriyasına daha effektiv şəkildə çatdırılmalıdır:

“Bu sahədə uzaq ölkələrin təcrübəsini öyrənməklə yanaşı, Gürcüstanın tətbiq etdiyi yanaşmalardan da yararlanmaq, səfərləri əlçatan etmək və turistlər üçün daha geniş imkanlar yaratmaq vacibdir”.

Sevinc

0