Turizm sektorunda qiymət artımına qarşı hansı addımlar atılmalıdır?

TURİZM
15:01 / 27.11.2026
174

Turizm sektorunda müşahidə olunan qiymət artımları təkcə mövsümi tələb yüksəlişi ilə deyil, həm də xərclərin artması və bazar mexanizmlərinin işləmə xüsusiyyətləri ilə bağlıdır. 

Otellərdə otaq tariflərinin, iaşə obyektlərində menyu qiymətlərinin və qısamüddətli kirayə mənzillərin dəyərinin bahalaşması səyahətçilərin büdcəsinə birbaşa təsir göstərir. Xüsusilə pik dövrlərdə təklifin məhdudluğu və qeyri-rəsmi kirayə bazarında nəzarətin zəifliyi qiymətlərin daha kəskin dəyişməsinə şərait yaradır. 

Digər tərəfdən, ərzaq, kommunal, logistika və əməkhaqqı xərclərinin artması xidmət təminatçılarının tarif siyasətində öz əksini tapır. Bu vəziyyət həm yerli, həm də xarici turistlərin səfər planlarına və istiqamət seçiminə təsirsiz ötüşmür. Qiymət sabitliyinin qorunması və rəqabət mühitinin sağlamlaşdırılması üçün sektorun inkişafı baxımından balanslaşdırılmış tənzimləmələr aktuallıq qazanır. 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib ki, turizm sektorunda qiymət artımlarının baş verməsinin bir neçə əsas səbəbi var:

"İlk növbədə, otellərin saxlanma xərcləri, kommunal xidmətlər, ərzaq məhsulları, əməkhaqları və digər əməliyyat xərclərinin artması qiymətlərə birbaşa təsir göstərir. Eyni zamanda, turizmə tələbatın yüksəldiyi mövsümlərdə bəzi hotellərdə və günlük kirayə evlərdə qiymətlərin əhəmiyyətli dərəcədə artdığını müşahidə edirik.

Xüsusilə bayram və tətil günlərində bu tendensiya daha qabarıq özünü göstərir. Lakin qiymət artımı hər zaman xidmət keyfiyyətinin yüksəlməsi ilə müşayiət olunmur".

 

Ekspert qeyd edib ki, bəzən turist ödədiyi məbləğin qarşılığında gözlədiyi xidməti əldə edə bilmir:

"Hesab edirəm ki, burada əsas məsələ bazar iqtisadiyyatına müdaxilə edərək qiymətləri süni şəkildə məhdudlaşdırmaq deyil, sağlam rəqabət və şəffaf qiymət siyasətini formalaşdırmaqdır. Otellər, restoranlar və günlük kirayə ev sahibləri təqdim etdikləri xidmətin keyfiyyətinə uyğun qiymət müəyyənləşdirməlidirlər. 

Həmçinin, istehlakçıların hüquqlarının qorunması, qiymət və xidmət şərtlərinin əvvəlcədən aydın şəkildə göstərilməsi istiqamətində nəzarət və maarifləndirmə gücləndirilməlidir. Turizmin davamlı inkişafı üçün əlçatan qiymətlər, keyfiyyətli xidmət və rəqabətli bazar mühiti birlikdə formalaşmalıdır".

Pərviz 

0