Yerli turistlərin səyahət etdiyi ölkələr DƏYİŞİB

TURİZM
14:54 / 19.11.2026
82

Son illərdə azərbaycanlı turistlərin səyahət marşrutlarında və üstünlük verdikləri istiqamətlərdə ciddi dəyişikliklər müşahidə olunur.

Ənənəvi olaraq illərdir siyahının ilk pillələrində qərarlaşan ölkələr artıq yerlərini yeni və fərqli coğrafiyalara verməyə başlayıb. Artıq digər ölkələrinə üz tutan həmyerlilərimizin sayında kəskin artım qeydə alınır. Eyni zamanda, viza rejiminin sadələşdirilməsi və birbaşa aviareyslərin açılması da fərqli istiqamətlərə yönələnlərin sayına təsir edir. 

Turizm ekspertləri bu dəyişikliyi həm aviabiletlərin qiymət siyasəti, həm də səyahətçilərin yeni mədəniyyətlər və fərqli istirahət formatları axtarışı ilə əlaqələndirirlər. Rəqəmsal platformaların inkişafı və fərdi səyahət planlaşdırma imkanlarının genişlənməsi vətəndaşların turizm şirkətlərindən asılılığını azaldaraq onları müstəqil marşrutlar seçməyə həvəsləndirir. Bütün bu amillər ölkəmizdən xaricə gedən turist axınının coğrafiyasını yenidən formalaşdıraraq turizm bazarında yeni tendensiyalar yaradır.

Maraqlıdır, yerli turistlər artıq hansı ölkələrə üz tuturlar?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında bildirib ki, əvvəllər azərbaycanlı turistlərin daha çox üstünlük verdiyi istiqamətlər sırasında İran, Rusiya, Gürcüstan və Türkiyə xüsusi yer tuturdu:


“Lakin son dövrlərdə bu ölkələrdən bəzilərinə səyahət marağı əvvəlki illərlə müqayisədə azalıb. Xüsusilə İran istiqamətində əvvəlki aktivliyi müşahidə etmirik. Rusiyaya səfərlərdə də müəyyən dəyişikliklər var. Bunun əvəzində Türkiyə öz ənənəvi mövqeyini qoruyub saxlayır. Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir və digər ərəb ölkələrinə maraq da artır”.

Ekspert qeyd edib ki, son illərdə Asiya ölkələrinə, xüsusilə Tailand, Çin və Vyetnama səyahət etmək istəyənlərin sayı artmaqdadır:
“Bu dəyişikliklərə insanların istirahət zövqünün yenilənməsi, qiymət amili, uçuş imkanları və yeni turizm təcrübələrinə maraq təsir göstərir. Artıq turistlər yalnız ənənəvi istirahət məkanları ilə kifayətlənmir, fərqli ölkələri kəşf etməyə çalışırlar. Hesab edirəm ki, yaxın illərdə azərbaycanlı turistlərin səyahət coğrafiyası daha da genişlənəcək”.

Pərviz

0