"COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan üçün çox əhəmiyyətli hadisədir".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, həm də Azərbaycanın dostları və müttəfiqləri üçün olduqca mühümdür:
"Təkcə elə bu məqama diqqət yetirmək lazımdır ki, COP29-un Azərbaycanda keçirilməsinə qarşı dünyanın çox böyük bir neçə qüvvəsi ciddi cəhdlə çalışdı. Onlar, bu tədbirin ölkəmizdə keçirilməsinə əngəl olmaq istədilər. Dünyanın bir sıra güclü ölkələrinin bu məsələdə Azərbaycanın əleyhinə getməsi də elə tədbirin əhəmiyyətindən xəbər verir".
Ekspert qeyd edib ki, bəzi qeyri-dost dövlətlər COP29-un Azərbaycana ciddi dividentlər gətirəcəyindən narahatdırlar:
"Çünki belə böyük təşkilatçılıq və maliyyə tutumlu tədbiri keçirmək Azərbaycanın dünyadakı gücünün daha bir nümayişi olacaq. Azərbaycan indiyə kimi əsasən dünyada qazıntı yanacağının hasilatı və ixracı ilə məşğul olan ölkə kimi tanınıb. Yəni ölkəmiz neft və qazla zəngindir.
Üstəlik, müasir dövrdə qazıntı yanacaqlarından əlavə bərpa oluna bilən enerji mənbələri də dünya ölkələrinin əsas strateji hədəfi kimi qəbul olunur. Belə vəziyyətdə Azərbaycanın "yaşıl enerji"yə keçidini göstərən səyləri dünya üçün çox maraqlı və cəlbedicidir".
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın nefti və qazı olmasına baxmayaraq, qlobal iqlimin qorunub saxlanılması və atmosferi çirkləndirməmək üçün əlindən gələni edir:
"Azərbaycanın nefti və qazı kifayət qəfər çox olsa da, alternativ enerji mənbələrinə keçidin üzərində ciddi şəkildə çalışır. Hətta dövlətimiz nefti və qazı olmayan ölkələr kimi iqlim dəyişikliyinə qarşı mübarizə aparır".
Aydın Quliyev diqqətə çatdırıb ki, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın alternativ enerji mənbələrinə və "yaşıl enerji"yə keçiddə son dərəcə maraqlı bir ölkə kimi tanınmasında müstəsna rol oynayacaq:
"Həmçinin, COP29-un Bakıda keçirilməsi həm Azərbaycanın iqtisadi gücünü göstərir, həm də ölkənin "yaşıl enerji"yə keçid siyasətinə sadiq olduğunu nümayiş etdirir. Bundan başqa, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə real olaraq alternativ mənbələrdən qatqı vermək istəyində və iradəsində olmasından xəbər verir.
Onu da nəzərə alaq ki, paytaxtımıza gələcək onminlərlə qonaq Azərbaycanın əldə etdiyi inkişaf səviyyəsini birbaşa müşahidə edəcək. Onların həm də torpaqlarını işğaldan yeni azad etmiş bir ölkənin sadəcə 3 il ərzində əldə etdiyi nailiyyətləri görmələri olduqca əhəmiyyətlidir".
Pərviz