"Azərbaycan COP29-da çox böyük nailiyyətlər əldə etdi" - AÇIQLAMA

COP29
09:53 / 26.11.2024
678

"Bəlkə də COP tarixində Azərbaycan qədər hücuma məruz qalan ikinci bir ev sahibi olmayıb".

Bu sözləri siyasi ekspert Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

Lakin o bildirib ki, Azərbaycanın COP29-da iqlim müstəvisində əldə etdiyi nailiyyətlərlə müqayisədə başqa bir ölkə tapmaq da çox çətin olacaq:

"Ölkəmiz dünyanın xilası naminə COP29-a ev sahibliyi etdi. Lakin buna baxmayaraq, Azərbaycana qarşı təzyiqlər oldu. Bəzi dövlətlər, beynəlxalq təşkilatlar və media qurumları ölkəmizə qarşı əsassız qarayaxma kampaniyası apardılar. COP29-a ev sahibliyi etmək hüququnun ölkəmizə verildiyi andan son günə qədər bunların şahidi olduq".

Ekspert qeyd edib ki, COP29-da bir çox mühüm razılıq əldə olundu:

"Azərbaycan COP tarixində yeni təzahürlərə imza atdı. Xüsusilə də inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin edilməsi çox böyük nailiyyət idi. Çünki bu, əvvəlkindən 2 dəfə çoxdur. Həmçinin, bundan əvvəl əldə olunmuş İtki və Zərər Fondunun yenidən hərəkətə gətirilməsi də Azərbaycanın ciddi uğurlarından biridir. 

363140

Ölkəmizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də Paris Sülh Sazişinin 6-cı maddəsi üzrə razılıq əldə edilməsi oldu. Bu da dünya dövlətlərinin karbon bazarı mexanizminə real olaraq keçid imkanı yaratdı. Artıq karbon emissiyalarının azaldılması və onun zərərinin neytrallaşdırılması üçün meşə fondlarının yaradılması yönündə dövlətlərin qarşısında böyük fəaliyyət imkanları açıldı".

Aydın Quliyev vurğulayıb ki, bunlar Azərbaycanın ortaya qoyduğu böyük nəticələrdir:

"Bu nəticələr həm özlüyündə dəyərlidir, həm də gələcəkdə daha böyük hədəflərin əldə olunması perspektivlərini gücləndirir. Bu isə o deməkdir ki, COP həqiqətən iqlim diplomatiyası tarixində böyük səhifə və iqlim müstəvisində yeni hədəflərə doğru açılan şansdır". 

Pərviz

0