Ermənistan rəsmilərinin son günlər verdiyi açıqlamalar Azərbaycanla yaxın vaxtlarda çərçivə sülh sazişinin imzalanacağına dair ehtimalların yaranmasına səbəb olub.
Əgər Nikol Paşinyan hakimiyyəti bir müddətdir yarımçıq sülh müqaviləsi layihəsindəki 16 bənddən 13-nün razılaşdıldığını və bunun əsasında çərçivə sazişinin imzalanmasını təklif edirdisə, indi İrəvan yeni mövqe nümayiş etdirir.
Lakin bu, heç də Ermənistanın sülh sazişi ilə bağlı yanaşmasında dəyişikliyin baş verməsi anlamına gəlmir. Ermənistan tərəfi indiyə qədər Azərbaycanla mübahisəli qalan digər üç bəndlə bağlı da razılığın əldə olunduğunu iddia edir. Bu yöndə ilk açıqlamanı oktyabrın 15-də Ermənistan Milli Məclisinin sədri Alen Simonyan verib. Rəsmi Bakının bu xəbəri hələlik təsdiq etməməsi Ermənistandan gələn bu açıqlamaların ciddiliyini şübhə altına alır.
Eyni zamanda, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan oktyabrın 16-da jurnalistlərə bildirib ki, rəsmi İrəvanın sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycana göndərdiyi sonuncu təklifə cavab verilməyib. Yəni Badalyan dolayısı ilə Alen Simonyanın 16 bəndin hamısı üzrə tərəflərin ortaq mövqeyə gəlməsi barədə dediklərini təkzib edib. Belə olan halda hər hansı razılaşmadan danışılması real görünmür.
Buna baxmayaraq, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan oktyabrın 16-da Baş nazir Nikol Paşınyan Azərbaycanla yeni danışıqlar təklif etdiyini deyib.
Onun sözləri Ermənistanla Azərbaycan arasında tezliklə sülhün əldə olunması istiqamətində mühüm addımın atılacağına dair müzakirələri yenidən fəallaşdırıb. Erməni tərəfinin rəsmi məlumatlarına görə, danışıqların məqsədi iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və Bakıda gələn ay keçiriləcək COP29 sammitinə qədər sülh sazişini imzalamaqdır.
Sarkis Xandanyan qeyd edib ki, Paşınyan bu təklifi ötən həftə Moskvada MDB sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə qeyri-rəsmi danışıqlarda edib. “Bu açıqlamalara Azərbaycan tərəfdən münasibət bildirilməyib”,-deyə Xandanyan bildirib.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında razılaşdırlmamış bəndlər əsasən sülh müqaviləsinin 3 vacib prinsipini özündə əks etdirir. Bunlar Ermənistan konstitusiyasında dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsi, 2020-ci il 10 noyabr Bəyanatının 9-cu bəndinə uyğun olaraq Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır.
Ermənistan tərəfi əvvəl 17 bənddən 13-nün razılaşdırıldığını deyirdisə, indi 16 bənddən danışır. Bu isə iki prinsipin bir bəndə daxil edildiyini, ya da müzakirələrin sonrakı mərhələyə saxlanıldığını deməyə əsas verir. Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılması məsələsini çərçivə sülh sazişinin mətnindən çıxararaq sonrakı mərhələdə müzakirə etməyə razılaşsa da, Ermənistan bu barədə öhdəlik götürməkdən imtina etməklə razılaşmanı pozub.
Son vaxtlar Ermənistan rəhbərliyinin Zəngəzur dəhlizindən yayınmaq üçün “Sülh kəsişməsi” layihəsini alternativ variant kimi təqdim etməsi bu mövzuda ciddi razılaşmanın olduğunu istisna edir. Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyasını 1991-ci il Almatı Bəyannaməsi əsasında aparılmasını təklif edir.
Azərbaycan bununla razılaşsa da, Ermənistan sərhədlərin yalnız 1975-ci ildən sonrakı dövrün xəritələri əsasında müəyyənləşməsində israr edir. Azərbaycan isə Sovet dövrünün 1920-ci ildən sonrakı illəri əhatə etdiyini əsas gətirərək 1975-ci ildən əvvəl nəşr olunmuş digər topoqrafik xəritələrin də tətbiqini mümkün hesab edir. Nikol Paşinyan delimitasiya prosesinin Ermənistan SSR-in sərhədləri çərçivəsində aparılmasını təklif edir. Ona görə də bu məsələ tərəflər arasında mübahisə predmeti olaraq qalır.
Sərhədlərin müəyyənləşməsinə dair Azərbaycanla Ermənistan arasında yeni razılaşmanın əldə olunması ilə bağlı məlumat isə yoxdur. Delimitasiya və demarkasiya probleminin həlli həm də Ermənistan konstitusiyasına dəyişiklərlə birbaşa bağlıdır.
Çünki Ermənistan 1989-cu ildə Azərbaycanla inzibati sərhədlərdən imtina edib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşdirlməsinə dair qanunsuz qərar 1990-ci ildə bu ölkənin Müstəqillik Bəyannaməsinə daxil edilib. 1995-ci ildə Ermənistan Konstitusiyasının preambula hissəsində həmin bəyannaməyə istinad edilib. Nəticədə, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası rəsmən yer alıb. Bu, həm də Azərbaycana qarşı hüquqi işğal hesab edilir.
Hazırda Ermənistan rəhbərliyi referendumdan yayınmaq üçün sənədin preambula hissəsində əksini tapmış erməni milli məsələsinin və erməni davasının normativ maddə olmadığını iddia edir. Ona görə də Azərbaycana qarşı konstitusiyanın digər maddələrində ərazi iddialarının rəsmən yer almadığını bildirir.
Lakin konstitusiya hər bir dövlətin ali hüquqi qüvvəyə malik sənədidir. Bu ali qanuna daxil edilmiş bütün istinad və ya müddəalar normativ hüquqi xarakter daşıyır. Digər qanunlar və hüquqi aktlar da konstitusiyanın mətninə uyğunlaşdırlmalıdır və ya ona zidd ola bilməz.
Ermənistanın Milli Təhlükəsizlik Strategiyasında, Hərbi Doktrinasında və digər hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları yer alıb ki, bu da onun konstitusiyanın mətninə uyğunluğu ilə bağlıdır. Bu baxımdan, Ermənistan çərçivə sülh sazişini imzalamaq üçün Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılması məqsədilə referendum keçirməlidir.
Bu isə COP29 sammitinə qədər real görünmür. Çünki yeni konstitusiya layihəsinin hazırlanması, müzakirəsi və qəbulu bir neçə ay davam etməlidir. Qeyd edilən prosesin bir neçə gün ərzində həyata keçirilməsi isə texniki cəhətdən mümkün olmamaqla yanaşı, Ermənistan qanunvericiliyinə ziddir.
Deməli, COP29-a qədər Ermənistan konstitusiyasına dəyişiklik qeyri-mümkün olduğundan, hər hansı bir sazişi imzalanacağına dair açıqlamalar absurd səslənir. Digər variant kimi belə bir sənəd Ermənistanın çərçivə sülh sazişində dəqiq tarixi göstərilməklə referendumun keçiriləcəyinə dair hüquqi öhdəlik götürəcəyi təqdirdə razılaşdırıla bilər. Əks halda, Ermənistan rəsmilərinin 16 bəndin razılaşdırılması barədə məlumatları sadəcə blef məqsədi daşıyır.
Mənbə: Cebheinfo.az