Bu şəxslərə şad xəbər

İQTİSADİYYAT
22:17 / 19.04.2023
490

Dünya ölkələri üzrə kadr siyasətində ənənəvi tendensiya demək olar ki, aradan qalxır. Belə ki, ABŞ kimi ölkə yaşlı nəslin əməyinə xüsusi önəm verməyə başlayıb.

Bəs Azərbaycanda vəziyyət necədir?

BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 2022-ci ilin dekabrında keçirilən II İllik İnnovasiya Sammitində bildirmişdi ki, BP şirkəti daha çox gəncləri işə götürməyə, bu məsələdə xüsusilə yeni məzun olmuş şəxslərə üstünlük verməyə çalışır.

Bəs görəsən BP şirkətinin kadr siyasəti necə təşkil edilib?

Musavat.com-un bu və digər sualını BP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Tamam Bayatlı cavablandırıb.

“Biz insanları onların bilik, səriştə, bacarıq və qabiliyyətlərinə görə işə götürür və vəzifəyə təyin edirik – bu bizim siyasətimizdir. Bizim işə qəbul üçün əsas meyarlarımız bunlardır, çünki məqsədimiz yüksək istedadlı kadrları şirkətimizə cəlb etməkdir.

Şirkətimizə ən yaxşı mütəxəssisləri cəlb etmək və onların bu şirkəti öz daimi iş yerləri olaraq seçmələri üçün çox cəlbedici inkişaf mühiti və ixtisasartırma proqramları təklif edirik. İş yerlərinə və vəzifələrə layiqli, yüksək qabiliyyətli və bilikli adamların düzgün seçilməsi biznesimizin uğuru üçün əsas şərtdir”, - deyə Tamam Bayatlı vurğulayıb.

“BP Azərbaycanda 3 universitetlə kibertəhlükəsizlik laboratoriyalarının qurulması istiqamətində danışıqlar aparırdı. Vəziyyət nə yerdədir?” sualına şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri belə cavab verib:

“Bu il biz iki yerli universitetdə IT və kibertəhlükəsizlik üzrə laboratoriyalar açmaq və ayrıca olaraq müxtəlif universitet tələbələrinə IT və kibertəhlükəsizlik sahəsində treninqlər keçməyi nəzərdə tutan layihələr planlaşdırırıq. Bu layihələr hazırda müqavilələrin imzalanmasına hazırlıq mərhələsindədir.

Ümumiyyətlə, sosial investisiya fəaliyyətimizdə yerli universitetlərlə işləmək ən önəmli istiqamətlərdən biridir. Biz, demək olar ki, bütün yerli universitetlərlə yaxından işləyir və əməkdaşlıq edirik. İndiyə qədər 8 universitetdə 28 laboratoriya, 2 rəqəmsal kitabxana, 2 müasir çap mərkəzi yaratmışıq. Bundan əlavə, təhsilin səviyyəsini dünya standartlarına çatdırmaq məqsədilə ən qabaqcıl beynəlxalq universitetlərin dərsliklərini Azərbaycana gətiririk, yəni onların Azərbaycan dilinə tərcümə olunması, nəşr edilməsi və yerli universitetlərə hədiyyə olunması kimi vacib layihələr həyata keçiririk. İndiyədək universitetlərimiz üçün qlobal biliklərlə zəngin 19 ən nüfuzlu beynəlxalq dərsliyi Azərbaycan dilində çap etməklə onlara birbaşa çıxış təmin etmişik və hazırda daha 10 dərsliyin tərcüməsi və çapı üçün iş davam edir”.

 

0