"Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar özünü doğruldur" - Ekspert

SİYASƏT
12:57 / 02.05.2024
541

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin vasitəçisiz aparılması özünü doğruldan praktikadır". 

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib. 

O xatırladıb ki, 30 illik işğal dövründə torpaqlarımızın azad edilməsi ilə bağlı vasitəçilərin iştirakı ilə aparılan danışıqların nəticəsiz olduğunu gördük:

"Xüsusilə də ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir effekt vermədiyi özünü göstərdi. 44 günlük Vətən müharibəsindən sonrakı 3 ilə yaxın müddət ərzində isə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif vasitəçilər gündəmə gəldi. Lakin onların da səyləri nəticəsiz qaldı".

349253

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistanın birbaşa danışıqlar aparması artıq praktikada nəticəsini verməyə başlayıb:

"Ötən ilin 7 dekabrında tərəflər arasında ilkin vasitəçisiz format adlandıra biləcəyimiz danışıqlar nəticə verdi. Həmin vaxt saxlanılan şəxslər dəyişdirildi, Ermənistan Azərbaycanın COP29-a ev sahibliyi etməsini dəstəklədi. Cari ilin 19 aprel tarixində isə birbaşa danışıqlar nəticəsində Qazax rayonunun 4 kəndi - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli dinc şəkildə Azərbaycana qaytarıldı.

Bir neçə gün sonra da Azərbaycanla Ermənistan arasında tarixdə ilk dəfə sərhəd dirəklərinin basdırılma prosesi başlanıldı. Göründüyü kimi ikitərəfli danışıqlar olduqca səmərəlidir". 

Aydın Quliyev bildirib ki, belə bir şəraitdə tərəflər ikitərəfli formatın nə qədər hədəfyönümlü olduğunun fərqinə varırlar:

"Azərbaycan bu mövqedədir, Ermənistan da sona qədər ikitərəfli danışıqların alternativsiz olduğunu qəbul etməlidir. Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin hazırlanması məsələsi də ikitərəfli formatda müzakirə mövzusuna çevrilməsi çox yaxşı olar. 

Çünki Azərbaycanla Ermənistan arasında ikitərəfli danışlqlar özünü doğruldur. Ona görə də bu praktika genişləndirilməlidir. Rəsmi Bakı bütün məsələlər üzrə ikitərəfli danışıqlar formatını ideal və ən düzgün yol hesab etdiyini bəyan edib. Ermənistan da mövqeyini ortaya qoymalı və bu istiqamətdə addımlarını davam etdirməlidir".

Pərviz

0