Parisdə \"Dünya gözəli\" seçilən azərbaycanlının həyatı və faciəsi

18:32 / 27.08.2023
523
Fotoda Sankt-Peterburq, Moskva, Paris kimi o dövrün ən kübar şəhərlərində hamını öz gözəlliyi ilə heyrat etmiş Sona xanım Mehmandarovadır. O, Lənkəran şəhərinin qradonaçalniki Nağı bəy Mehmandarovun qızı, Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri Səməd bəy Mehmandarovun qardaşı qızı idi. 
 
Nağı bəyin qızı Sona Mehmandarova 1894-cü ildə, bəzi mənbələrdə isə 1896-cı ildə Lənkəranda dünyaya gəlib. Sona xanım gənc yaşlarından şəhərin ilk gözəli kimi tanınırdı. Bundan əlavə, o, iki tanınmış nəsilin davamçısı idi. 
 
1. Atası Nağı bəy Qarabağ xanları nəslindən, zadəgan Mehmandarovlardan idi. 
2. Anası Bikə xanım praporşik Əbulfət xan Talışınskinin qızı, zadəgan talış xanlığının ailəsindən idi.
 
Sona xanıma elçi gələnlərin sayı-hesabı yox idi. Kimisi onun gözəlliyinə, kimisi mövqeyinə, kimisi də nəslinə tamah salırdı. Nağı bəy nəzakətlə hamıdan imtina edib, seçimi qızı edəcək deyə cavab verirdi. 1910-cu ildə varlı tacirlərin nəslindən olan Əhməd bəy Zeynalov Sona xanımdan rədd cavabı alaraq ona yox deyən Nağı bəyi öldürmək qərarına gəlir. Gecə bir yoldaşla Nağı bəyin evinə gedən cinayətkarlar onu ölümcül yaralayır. Onlar hər şeyi Lənkəran rəhbərinin gözlənilmədən yoxa çıxması kimi təqdim etməyə çalışaraq, meyiti götürüb dənizdə batırıblar. Lakin bir neçə ay davam edən istintaq qatilləri üzə çıxarıb, onlar 25 il cəza alaraq, Sibirə sürgün olunub.
 
 
Nağı bəyin ölümündən sonra Sona xanım təhlükəsizlik məqsədi ilə dogma Lənkəranı tərk edərək Bakıya anasının qohumlarının yanına köçür. Qeyd edim ki, anasını doğum zamanı itirən Sona xanım atasının ölümündən sonra tək bu şəhərdə yaşaya bilmirdi. Əmisi hərbidə, burdakı bəzi qohumları da onun var-dövlətinə sahib olmaq niyyətində idi. Atasının yaxın dostları ona elçi düşüb, həm gözəl qadına, həm də kifayət qədər var-dövlətə sahiblənmək istəyirdilər. Hər gün ona gələn elçilərdən yaxa qurtarmaq üçün Bakıya köçən Sona xanım burda bir müddət qalır,  1912-ci ildə qohumlarının təkidi ilə Azərbaycan Dövlət Filarmoniyası yerləşən binada keçirilən gözəllik yarışmasında iştirak üçün müraciət edir. Onlarla iştirakçı arasında bir neçə qrup fərqlənirdi - Rusiya ordusunun yüksək rütbəli zabitlərinin qızları, şəhərin dünyəvi cəmiyyətindən olan subay xanımlar, Avropadan köçmüş ailələrdən olan qızlar. Bakıda keçirilən müsabiqə "gəlin yarışması” adlanırdı və tamaşaçılar arasında şəhərin ən seçilən subayları toplaşırdı. Sona Mehmandarova tamamilə fərqli məqsədlər güdürdü və o, demək olar ki, müsabiqə iştirakçıları arasında yeganə azərbaycanlı idi. Bəlkə də digər qızlar arasında seçildiyi üçün lənkəranlı gözəl birinci yerə layiq görülüb. Münsiflərin yekdilliklə qalib elan etdiyi Sona xanım Bakı qələbəsindən bir ay sonra Tiflisdə müsabiqə elan olunanda ("Miss Qafqaz” və "Miss Cənub Rusiya” - iki nominasiyası üzrə) Sona xanım müsabiqəyə yazılmışdı. Bu iki nomninasiya üzrə Sona xanım öz adı ilə deyil, Tuğra xanım Talışinskaya kimi təqdim edir. 
 
Qeyd edim ki, bu günə qədər sosial mediada və saytlarda guya Tuğra xanım özü iştirak edib deyə məlumatlar yayılır. Tuğra xanım heç bir zaman gözəllik müsbiqəsinin iştirakçısı olmayıb. Onun adı əslində Sona xanımın istifadə etdiyi addır və bu adla qalib olub. Mir Əsgərxan Talışinskinin qızı Tuğra xanım (əslində sənədlərdə adı Toğrabəyim yazılır) Talışinskaya heç bir zaman gözəllik müsabiqəsində iştirak etməyib. Onun adının bu cürə hallanması Sona xanımın öz adı əvəzinə ondan istifadə etməsi olub. Qeyd edim ki, Lənkəranda bu gün "Xan Evi" adı ilə tanınan gözəl və qədimi binanı Mir Əhməd xan Tuğra xanım (Toğrabəyim) üçün tikib. 
 
O dövrdə Tiflis Qafqazın baş şəhərlərindən və çoxsaylı şirkətlərin cəmləşdiyi yer sayılırdı. Onu imperiyanın hər yerindən insanlar ziyarət edirdi. Şəhərdə xidmət edən bir çox rus məmurları və hərbçiləri böyük ailələrdən idilər. Tiflisdə keçirilən müsabiqədəki qələbə istənilən gözəllik müsabiqəsində yüksək yer tutmağı praktiki olaraq təmin edirdi. Burada qalib olan Sona Tiflisdə keçirilən digər müsabiqəyə qatılır və burada "Qafqaz incisi" tituluna layiq görülür. O, Tiflisdən sonra Sankt-Peterburqa yola düşür və burada da birinciliyə layiq görülür. Sona xanım 1912-ci ilin sonunda Parisdə keçirilən beynəlxalq əhəmiyyətli müsabiqədə qalib gələrək, "Dünya gözəli" titulu - "Qran-Pri" sahibi olur və məşhurluğu dünyaya yayılır.
 
Parisdəki qələbə əyalətdən olan bir qız üçün əsl zəfər idi. Dünyanın aparıcı qəzetləri qalibin, zümrüd tac başında olan Sona xanım Mehmandarovanın şəklinin ilk səhifəsində verirdi. Hara gedirdi onu qəhrəman qadın kimi qarşılayırdılar. Parisdə zadəgan ailələr onunla görüşüb, bir yerdə oturmağı özlərinə şərəf sayırdılar.
 
Müsabiqədən bir il sonra o, 1913-cü ildə əslən dağıstanlı olan Uruzovla ailə həyatı qurur. Ailəsi bu evliliyə razı olmasa da, Sona xanım Uruzovdan ayrılmır.
 
Lakin bir müddətdən sonra həyat yoldaşı onu atıb naməlum halda yox çıxır. İnqilabdan sonra ailəsinə, Mehmandarovlara məxsus malikanələr və bütün ləl-cəvahiratlar əllərindən alınır. Ola bilsin ki, o, xan ailələrinin bir çox nümayəndələri kimi repressiyaya məruz qala bilərdi, lakin rus-sovet yazıçısı, maarif naziri Anatoli Vasilyeviç Lunaçarski ilə dostluq kömək edir. Moskvanın kənarındakı kiçik bir otağa köçərək bütün sənədləri və fotoşəkilləri yandırmalı olur. 
 
Lənkəranlı gözəlin sonrakı taleyi acınacaqlıdır. Yalnız 1966-cı ildə Bakıya qayıtdığı məlumdur. 1912-ci ildə şəhəri tərk edən gənc və parlaq Sona yarım əsrdən sonra qoca və xəstə kimi qayıdır. Bir vaxtlar gözəlliyi ilə bütün dünyanı fəth edən Azərbaycan xan ailələrinin varisi öz vətənində yararsız hala düşür. 
 
Sona xanım Mehmandarova 1968-ci ildə vəfat edib. Cənazəsi Bakıdakı qəbristanlıqlardan birində dəfn edilsə də, bu günə qədər onun dəqiq yeri bilinmir. Tarix onun dəfn olunduğu yeri belə qoruyub saxlamayıb.
 
Zaur Aliyev, dosent
0