Boşanmaların artması uşaqla ünsiyyətə təsir etməməlidir - Ancaq…

ÖLKƏ
18:43 / 12.01.2024
326

Ailələr dağıldıqdan sonra uşaqla ünsiyyətdə olmaqdan imtina edən ataların sayı artıb. Boşanan ailələrdə nə qədər uşaqların valideyn ünsiyyətindən mərhum olduğunu söyləmək isə çətindir.

Bəzi atalar övladlarını təkcə alimentdən deyil, həmçinin ünsiyyətdən belə mərhum edir, hətta keçmiş ailəsinin yaşadığı ünvanı tanımırlar.

Psixoloq Aynur Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, boşanmaların əsas səbəblərindən biri ailə quranların çoxunun ailə həyatına hazır olmamasıdır. Burada söhbət fiziki, maddi və mənəvi, psixoloji hazırlıqdan gedir:

"Dağılan ailələrdə ən çox əziyyət çəkənlər uşaqlardır. Uşaq bu prosesdə ən günahsızdır və ən ağır cəzanı da elə o çəkir. Uşaq hər iki valideynin sevgisi və qayğısı ilə böyüməlidir, çox təəssüf ki, boşanma hallarında uşaq ana ilə qalırsa, ata sevgisindən və qayğısından məhrum olur və ya əksinə də ola bilər. Belə hallarda yetkinlik yaşına çatana qədər uşaq, əsasən ananın himayəsində qalır və çox zaman ailələr öz problemlərini uşaq üzərində həll etməyə başlayır, atanı uşaqla görüşdürməməklə cəzalandırırlar, bu da uşağın psixikasına təsir edir. Belə uşaqlar cəmiyyətdə özünü tapmaqda çətinlik çəkirlər, iki ev arasında qalırlar. 6 yaşa qədər olan uşaqlarda problem çox ciddidir. Bəzən atalar da görüşə gəlmir, anaya olan incikliyi uşağa göstərir, bu hallarda uşaqlarda məktəb vaxtı sinfə uyğunlaşa bilməmək, özünə qapanmaq baş verir. Uşaqların ata himayəsindən, sevgi və qayğısından məhrum olması, onların psixi, zəka və emosional inkişafında müəyyən pozulmalarla özünü göstərə bilir. Uğurlu bir gələcək istəyiriksə, uşaq mütləq həm ata, həm anasını görməlidir. Bizdə bəzən deyirlər ki, əgər boşanırsansa, uşaq travma alır. Ancaq uşaq boşanmadan travma almır. Uşaq atasızlıqdan və ya anasızlıqdan travma ala bilər. Uşağa travma yaşadan atanın və ya ananın olmamasıdır. İkisindən biri olmayanda uşaq problem yaşayır”.

Sevinc

0