Serialların həyatımıza hansı mənfi təsirləri var?

MARAQLI
16:00 / 23.09.2024
511

"İzlədiyimiz seriallar bəzən həddindən artıq dramatik və ya qeyri-realist olur". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O, serialların insan həyatına təsirləri barədə danışıb:

"Bəzən izlədiyimiz seriallar həyatdakı real problemləri həll etmək yerinə, hansısa ekranda işində gördüyümüz hadisələrə baxıb əsassız gözləntilər qurmağımıza səbəb olur. Ən çox gözləntinin isə lüks həyat şəraiti olduğunu deyə bilərik. Yəni insanlar əyləncə və faydasız vərdişlərlə dolu bir çox detalları divanda sadəcə oturub heç nə etmədən öz həyatlarında görmək istəyirlər".

358649

Psixoloqun sözlərinə görə, bütün bunlar bəzən ailədaxili münaqişələrə belə səbəb olur:

"Üstəlik, seriallara aludə olmaq vaxtın böyük hissəsini alır. Bu, gündəlik fəaliyyətlərdə məhsuldarlığının və şəxsi inkişafın azalmasına səbəb ola bilər. Çünki vacib işlər təxirə salınır və nəticə ürəkaçan olmur.

Bəzi seriallar isə aqressiya, zorakılıq və ya depressiv mövzulara çox yer verir. Bu cür serialları mütəmadi şəkildə izlədikdə insanın emosional vəziyyətinə mənfi təsir göstərməsi mümkündür. Orada izlənilən səhnə narahatlıq, stress və hətta depressiyaya səbəb ola bilər". 

Həmsöhbətimiz qeyd edib ki, gecə vaxtı baxılan seriallarda mavi ekranın təsiri və davamlı həyəcanverici hadisələr beynin rahatlamasını çətinləşdirir:

"Bu da öz növbəsində yuxu problemlərinə gətirib çıxarır. Eyni zamanda, insanlar serialları izləyərkən passiv həyat tərzi keçirə, bu isə fiziki fəaliyyətin azalmasına və sağlamlıq problemlərinə səbəb ola bilər.

Bütün bu səbəblərə görə serialları balanslı və şüurlu şəkildə izləməyi tövsiyə edirəm. Serialların gündəlik həyatınıza və emosional vəziyyətinizə mənfi təsir göstərdiyini hiss etdikdə, fasilə vermək, onları izləməyi azaltmaq və ya tamamilə dayandırmaq faydalıdır".

Pərviz

0