Bu ilin noyabr ayında Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyəti üçün yeni maliyyə mexanizmləri formalaşdırır.
Bunu "Report”a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
"Dünyada qlobal istiləşməni 1,5°C saxlamaq əsas hədəflərdəndir. İqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün müəyyənləşdirilmiş 100 milyard ABŞ dolları azdır. Bu məbləğin kəskin artırılmasına, ən azı 500 milyard, hətta 1 trilyon ABŞ dolları müəyyən edilməsinə ehtiyac var. Çünki 100 milyard ABŞ dolları ilə iqlim dəyişikliyinin təsirlərinə həssas olan ölkələr üçün itkiləri və zərərləri kompensasiya etmək çətindir", - deyə o qeyd edib.
V.Bayramovun sözlərinə görə, COP hədəflərinin reallaşdırılması bu istiqamətdə daha çox vəsait cəlb edilməsini aktuallaşdırır: "İqlim dəyişikliyinə qarşı mübarizədə dövlətlərin həm də maliyyə öhdəliklərinin formalaşması vacibdir. Bu baxımdan Bakının yanaşması mövcud çağırışlara uyğundur. Praktik olaraq iqlim dəyişikliyi üçün maliyyənin artırılması preventiv xarakter daşıyır. Çünki bu qlobal problemlərin öncədən qarşısının alınması və bu istiqamətdə daha çox vəsaitin yönəldilməsinə imkan yarada bilər.
Bakının təəəbbüsü pozitivdir. Təşəbbüsün mahiyyəti bütövlükdə iqlim maliyyəsi sahəsində bütün səylərin mobilizasiyasına nail olmaq və bu istiqamətdə səyləri birləşdirməkdən ibarətdir. Bu kontekstdən də inkişaf etmiş ölkələrin bu təşəbbüsü daha yaxından dəstəkləməsi bütövlükdə iqlim dəyişikliyinə qarşı mübarizənin sistemlilyini artıra bilər”.