2026-cı ilin ilk yarısında ən uğurlu smartfon brendləri açıqlandı

TEXNO
10:29 / 15.07.2026
55

"Counterpoint Research" analitik şirkəti 2026-cı ilin ikinci rübünün yekunlarına dair qlobal smartfon bazarı ilə bağlı yeni hesabatını yayımlayıb. Hesabatda həmçinin cihaz tədarükünün həcminə görə bazarın aparıcı istehsalçıları açıqlanıb.

HİT.az xəbər verir ki, tədarük həcminə görə ilk yeri bazarın 22 faiz payına sahib olan "Samsung" tutub. Şirkətin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz artıb. Bu uğurda ən böyük pay "Galaxy S26" flaqman seriyasına, xüsusilə də "Galaxy S26 Ultra" modelinə məxsusdur.

İkinci yerdə bazarın 20 faizini əlində saxlayan "Apple" qərarlaşıb. Şirkətin tədarükləri illik müqayisədə 3 faiz artaraq tarixi maksimum bazar payına çatıb. Satışların əsas hərəkətverici qüvvəsi isə "iPhone 17" seriyası olub.

"Xiaomi", "OPPO" və "vivo" isə ikirəqəmli tədarük azalması ilə üzləşiblər. Analitiklər bunu yaddaş çiplərinin bahalaşması ilə əlaqələndirirlər. Bu amil xüsusilə büdcə və orta qiymət seqmentində tələbatın azalmasına səbəb olub.

Buna baxmayaraq, "Xiaomi" "Redmi Note 15", "Redmi K90" və "Xiaomi 17" modellərinin uğurlu satışları sayəsində qlobal bazarın 11 faizini qoruyub saxlayıb.

2026-cı ilin ikinci rübünün nəticələrinə əsasən smartfon istehsalçılarının reytinqi belədir:

* "Samsung" – 22 faiz;
* "Apple" – 20 faiz;
* "Xiaomi" – 11 faiz;
* "OPPO" – 10 faiz;
* "vivo" – 8 faiz;
* Digər istehsalçılar – 29 faiz.

"Google" və "Huawei" ilk beşliyə daxil olmasa da, ümumi bazar enişinə baxmayaraq müsbət artım nümayiş etdiriblər.

Hesabata görə, qlobal smartfon bazarı ümumilikdə 11 faiz kiçilib və göstəricilər 2013-cü il səviyyəsinə enib. "Counterpoint Research" ilin sonunadək dünya üzrə smartfon tədarükünün daha 14 faiz azalacağını proqnozlaşdırır.

Analitiklər həmçinin bildirirlər ki, DRAM və NAND yaddaş çiplərinin qlobal çatışmazlığı 2027-ci il ərzində də davam edəcək.

Mütəxəssislərin fikrincə, yaddaş çiplərinə artan tələbat səbəbindən ucuz smartfonlar 2027-ci ildə bazardan tamamilə yox ola və ya çox nadir məhsula çevrilə bilər. Bu səbəbdən bir sıra istehsalçıların bazarı tərk edəcəyi və ya məhsul çeşidini azaltmağa məcbur qalacağı gözlənilir.

Artıq "ASUS" və "Meizu" şirkətləri smartfon bazarından çıxdıqlarını rəsmi şəkildə elan ediblər.

Samir
 

0