Səhranın yaxınlığında gecələr də elektrik istehsal edən nəhəng stansiya tikilib

TEXNO
16:49 / 24.11.2026
51

Mərakeşdə dünyanın ən böyük günəş enerjisi komplekslərindən biri fəaliyyət göstərir. 580 meqavat gücündə olan stansiya bir milyondan çox insanın elektrik enerjisi ilə təmin edilməsinə imkan yaradır. Kompleksin əsas üstünlüyü isə günəş batdıqdan sonra da elektrik istehsalını davam etdirə bilməsidir.

HİT.az xəbər verir ki, bu barədə İspaniyanın “Diario AS” qəzeti məlumat yayıb.

Mərakeşin Varzazat şəhəri yaxınlığında yerləşən “Noor” günəş enerjisi kompleksi təxminən 10 il əvvəl inşa edilib. Layihənin tikintisini Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti həyata keçirib. Stansiyanın ərsəyə gəlməsi üçün beynəlxalq maliyyə qurumları tərəfindən 3 milyard dollardan çox vəsait ayrılıb.

Kompleksin əsas özəlliyi gün ərzində toplanan istilik enerjisini saxlayaraq ondan gecə saatlarında da istifadə etməsidir. Bunun üçün bəzi qurğularda əridilmiş duzlardan ibarət xüsusi istilik saxlama sistemləri tətbiq olunur. Günəş şüaları vasitəsilə qızdırılan duzlar sonradan suyun buxara çevrilməsinə, turbinlərin hərəkətə gətirilməsinə və elektrik enerjisinin istehsalına şərait yaradır.

“Noor” vahid stansiyadan deyil, dörd ayrı enerji obyektindən ibarətdir. 2016-cı ildə fəaliyyətə başlayan “Noor I” 160 meqavat gücə malikdir. Daha sonra 200 meqavatlıq “Noor II”, 150 meqavatlıq “Noor III” və 70 meqavatlıq fotovoltaik “Noor IV” qurğuları kompleksə əlavə edilib.

Layihənin ən diqqətçəkən hissəsi “Noor III” stansiyasıdır. Təxminən 250 metr hündürlüyündə olan qüllənin ətrafında minlərlə xüsusi güzgü yerləşdirilib. Günəşin hərəkətini izləyən bu güzgülər şüaları qüllənin yuxarı hissəsindəki qəbulediciyə yönəldir. Burada toplanan istilik enerjisi gecə saatlarında da elektrik istehsalına imkan verir. Bu sistem təxminən yeddi saatlıq istilik ehtiyatı saxlaya bilir.

Mərakeşin belə iri layihələrə investisiya yatırmasının əsas səbəblərindən biri enerji idxalından asılılığı azaltmaqdır. Ölkə vaxtilə ilkin enerji tələbatının təxminən 95 faizini xaricdən idxal hesabına ödəyirdi. Hazırda isə bərpaolunan enerji mənbələrinin payı ölkənin ümumi quraşdırılmış elektrik enerjisi gücünün təxminən 44 faizinə çatıb.

“Noor” kompleksi Mərakeşin günəş və külək potensialından istifadə edərək enerji təhlükəsizliyini gücləndirmək strategiyasının mühüm hissəsi hesab olunur.

Samir
 

0