Çin elektrik enerjisini yerin 110 metr dərinliyində sıxılmış hava şəklində saxlayacaq

TEXNO
11:00 / 25.11.2026
35

Çin bərpaolunan enerji mənbələrindən əldə edilən elektrik enerjisini saxlamaq üçün qeyri-adi texnologiyadan istifadə etməyə başlayıb. Ölkənin Qansu əyalətində yerin 110 metr dərinliyində süni mağaralarda sıxılmış hava vasitəsilə enerji toplayan 300 meqavat gücündə yeni stansiya elektrik şəbəkəsinə qoşulub.

HİT.az xəbər verir ki, Yuanchu No. 1 adlanan obyekt noyabrın 16-da Yumen şəhərində fəaliyyətə başlayıb. Layihə “China Energy” şirkətinin tərkibində fəaliyyət göstərən Rəqəmsal Texnologiyalar Qrupu tərəfindən hazırlanıb və həyata keçirilib.

Stansiyanın enerji saxlama gücü 1800 meqavat-saatdır. Çin mediası bu obyekti süni mağaralardan istifadə edən dünyada ilk 300 meqavatlıq sıxılmış hava enerji saxlama kompleksi kimi təqdim edir.

Elektrik enerjisi necə saxlanılır?

Texnologiyanın iş prinsipi kifayət qədər sadədir. Elektrik enerjisinin artıq olduğu vaxtlarda kompressorlar havanı yüksək təzyiq altında sıxaraq yeraltı anbarlara ötürür. Enerjiyə tələbat artdıqda isə sıxılmış hava sərbəst buraxılır, turbinləri hərəkətə gətirərək yenidən elektrik enerjisi istehsal edir.

Yuanchu No. 1-də bunun üçün yerin 110 metr dərinliyində, qaya qatlarında dörd süni mağara yaradılıb. Sistem 18 meqapaskal təzyiqə hesablanıb. Bu, avtomobil təkərindəki təzyiqdən təxminən 80 dəfə yüksəkdir.

Anbarın tam doldurulması səkkiz saat çəkir. Toplanmış enerji isə altı saat ərzində fasiləsiz elektrik istehsalına imkan verir.

İldə 600 milyon kilovat-saat enerji istehsalı

Stansiyanın faydalı iş əmsalı 72 faiz təşkil edir. Başqa sözlə, sistemə yığılan hər 100 vahid elektrik enerjisinin təxminən 72 vahidi yenidən şəbəkəyə qaytarılır.

Obyektin illik elektrik istehsalının 600 milyon kilovat-saata çatacağı gözlənilir. Çin rəsmilərinin hesablamalarına görə, stansiyanın bir dəfə tam doldurulması 30 min elektrik avtomobilini enerji ilə təmin etməyə kifayət edəcək.

Kompleks yaxınlıqdakı külək və günəş elektrik stansiyaları ilə birlikdə işləyəcək. Bu mənbələrdə istehsal artıq olduqda enerji yeraltında saxlanılacaq, tələbat yüksəldikdə isə elektrik şəbəkəsinə ötürüləcək.

Layihənin əsas üstünlüklərindən biri də təbii duz mağaralarına və ya istifadəsiz mədənlərə ehtiyac olmamasıdır. Çinli mühəndislər enerji anbarlarını birbaşa qaya qatlarında qazdıqları süni mağaralarda qurublar. Bu yanaşma texnologiyanın tətbiq edilə biləcəyi ərazilərin dairəsini genişləndirir.

Qeyd edək ki, Türkiyədə də enerji saxlama sistemlərinin inkişafına böyük investisiyalar yönəldilir. “Ember”in 2026-cı il hesabatına əsasən, 2022-ci ildən bəri ölkədə ümumi gücü 33 giqavat olan enerji saxlama imkanlı külək və günəş elektrik stansiyaları üçün icazələr ayrılıb. Lakin bu layihələrin batareya tutumu 37 giqavat-saatdır və sistemlər orta hesabla cəmi 1,1 saat enerji təmin edə bilir. Yuanchu No. 1 layihəsi isə enerjinin daha uzun müddət saxlanılmasının mümkünlüyünü nümayiş etdirir.

Samir
 

0