2026-cı ilin ən yaxşı 10 smartfonu seçildi – “Apple” siyahıda yer almadı

TEXNO
11:22 / 22.11.2026
54

GSMArena texnologiya portalının ekspertləri 2026-cı ilin ən yaxşı smartfonlarını müəyyənləşdirib. İlin yekunlarına həsr olunan mükafatlandırmada müxtəlif kateqoriyalar üzrə 10 model fərqləndirilib. Diqqətçəkən məqamlardan biri isə “Apple” şirkətinin heç bir nominasiyada qalib gəlməməsidir.

HİT.az xəbər verir ki, GSMArena Awards 2026 mükafatının qalibləri son 12 ay ərzində 100-dən çox cihazın sınaqdan keçirilməsindən sonra seçilib.

Əsas mükafat – “İlin smartfonu” adına OPPO Find X10 Pro Max layiq görülüb. Ekspertlər bu modelin kamera imkanlarını və batareyanın uzun müddət enerji saxlamasını xüsusi qeyd ediblər. Cihaz “vivo”, “Xiaomi” və “Apple” şirkətlərinin bahalı flaqmanlarını geridə qoyub.

Qiymət və imkanların uyğunluğu baxımından Poco F9 Ultra birinci olub. Snapdragon 8 Elite Gen 5 prosessoru ilə təchiz edilən smartfon ekran, kamera və batareya göstəricilərinə görə yüksək qiymətləndirilib. Bununla yanaşı, analoji prosessorlu bir çox rəqibindən daha münasib qiymətə təklif olunur.

2026-cı ilin ən yaxşı büdcə smartfonu isə Galaxy A57 seçilib. Modelin üstünlüklərindən biri “Samsung”un altı il ərzində əməliyyat sistemi yeniləmələri və təhlükəsizlik dəstəyi vəd etməsidir.

Qatlana bilən telefonlar arasında HONOR Magic V6 fərqlənib. O, kamera keyfiyyəti, batareyanın işləmə müddəti və dinamiklərinin imkanlarına görə Galaxy Z Fold8 Ultra-nı qabaqlayıb. Cihazın çəkisi 219 qram, qatlanmış vəziyyətdə qalınlığı isə 8,8 millimetrdir.

Oyun həvəskarları üçün ən yaxşı seçim Nubia Red Magic 12 Pro hesab edilib. Smartfon ekranaltı ön kamera, oyun zamanı istifadə üçün yan düymələr və 8400 milliamper/saat tutumlu batareya ilə təchiz olunub.

Digər nominasiyaların qalibləri belə sıralanıb:

- **Ən yaxşı kompakt smartfon:** Xiaomi 18 Pro;
- **Ən uzun batareya ömrü:** Poco X8 Pro Max;
- **Ən yaxşı kameralı telefon:** vivo X300 Ultra;
- **Ən yaxşı dizayn:** Infinix Note 60 Ultra;
- **İlin innovasiyası:** HONOR Robot Phone.

Ekspertlər vivo X300 Ultra-nın xüsusilə video çəkilişi imkanlarını, görüntü sabitləşdirmə texnologiyasını, Dolby Vision və Log-video dəstəyini yüksək qiymətləndiriblər. Infinix Note 60 Ultra-nın dizaynında isə avtomobil sənayesi ilə tanınan İtaliyanın Pininfarina studiyası iştirak edib.

İlin innovasiyası mükafatına layiq görülən HONOR Robot Phone-un əsas fərqləndirici cəhəti korpusuna inteqrasiya edilmiş, stabilizator üzərində hərəkət edən mexaniki kameradır.

Samir
 

0