"Netflix" platformasında yayımlanan təxminən 300 film və serialın hazırlanmasında generativ süni intellekt texnologiyalarından istifadə edilib.
HİT.az xəbər verir ki, bu barədə "The Verge" nəşri axın xidmətinin rüblük hesabatına istinadən məlumat yayıb.
Şirkətin açıqlamasına görə, süni intellektdən istifadə halları əsasən post-produksiya mərhələsinə təsadüf edib. "Netflix" bildirib ki, bu cür alətlərdən istifadənin miqyası getdikcə artır, çünki onlar məzmunun daha sürətli hazırlanmasına, xərclərin azaldılmasına və yekun məhsulun keyfiyyətinin yüksəldilməsinə imkan verir.
Şirkət generativ süni intellektdən istifadə edilən layihələrə "The Glory" ("Şöhrət"), "Brazil '70: The Third Star" ("Braziliya '70: Üçüncü çempionluq") və "The American Experiment" ("Amerika eksperimenti") seriallarını nümunə göstərib.
Texnologiyadan kütləvi səhnələrin, tarixi döyüş epizodlarının və ətraf mühiti formalaşdıran geniş panoramik kadrların yaradılmasında istifadə olunub.
Bundan əvvəl "Netflix"in baş icraçı direktoru Ted Sarandos da bildirmişdi ki, elmi-fantastik "The Eternaut" ("Əbədiyyət yolçusu") serialındakı səhnələrdən biri ənənəvi üsullarla müqayisədə daha sürətli və daha ucuz başa gəldiyi üçün süni intellekt vasitəsilə hazırlanıb.
"The Verge" qeyd edir ki, "Netflix" süni intellekt sahəsinə investisiyalarını artırmaqda davam edir. Şirkət aktyor Ben Afflekin təsis etdiyi süni intellekt startapını satın alıb, süni intellektdən istifadə edən animasiya studiyası yaradıb, həmçinin "Wonka's Golden Ticket" ("Vonkanın qızıl bileti") adlı yeni realiti-şouda aktyor Cin Uaylderin səsini süni intellekt vasitəsilə bərpa edərək istifadə edib.
Hesabata əsasən, "Netflix"in ikinci rüb üzrə gəliri 12,56 milyard ABŞ dolları təşkil edib. Şirkət reklam gəlirlərini 3 milyard dollara çatdırmağı planlaşdırır.
Bundan başqa, xidmət son bir il ərzində abunəçilərin platformadakı məzmunu ümumilikdə 97 milyard saat izlədiyini açıqlayıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Samir


