Alimlər plastik tullantıları çeşidləmədən hidrogen yanacağına çevirməyi öyrəndi

TEXNO
09:43 / 18.07.2026
49

Alimlər plastik tullantıları əvvəlcədən çeşidləmədən yüksək təmizlik dərəcəsinə malik hidrogen yanacağına çevirməyə imkan verən yeni kimyəvi üsul hazırlayıblar. 

HİT.az xəbər verir ki, bu barədə "Phys.org" nəşri məlumat yayıb.

Tədqiqat Kaliforniya Universitetinin Los-Ancelesdəki "Samueli" Mühəndislik Məktəbi və Cənubi Koreyanın "Ewha" Qadın Universitetinin alimlərinin birgə rəhbərliyi ilə həyata keçirilib.

"Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmada bildirilir ki, qələvi termiki emal üsulu vasitəsilə polietilen-tereftalat (PET), polietilen və polipropilen kimi ən geniş yayılmış üç plastik növünü eyni reaktorda emal etmək mümkündür. Nəticədə əlavə çeşidləmə aparılmadan təmizliyi 90 faizdən çox olan hidrogen əldə edilir.

Bu prosesdə natrium hidroksid yüksək temperaturun təsiri altında üzvi maddələrlə reaksiyaya girərək hidrogenin ayrılmasını sürətləndirir. Üstəlik, proses ənənəvi qazlaşdırma texnologiyalarından xeyli aşağı temperaturda həyata keçirilir.

"Biz eyni anda iki mühüm qlobal problemi həll edirik. Plastik tullantılar sürətlə artır, eyni zamanda energetikanın karbonsuzlaşdırılması üçün təmiz hidrogenə böyük ehtiyac var. Bu texnologiya hər iki məsələyə yaradıcı və genişmiqyaslı həll təklif edir", – deyə tədqiqatın həmmüəllifi, Kaliforniya Universitetinin "Samueli" Mühəndislik Məktəbinin dekanı A-Hyon (Alissa) Park bildirib.

Alimlər qeyd ediblər ki, bu texnologiya əvvəlcə dəniz yosunları kimi biokütlədən karbon neytral üsulla hidrogen istehsalı üçün hazırlanmış metod əsasında təkmilləşdirilib.

Sınaqlar göstərib ki, yeni yanaşma polietilen-tereftalatdan hidrogen əldə edilməsini ənənəvi buxar qazlaşdırılması üsulu ilə müqayisədə 300–400 dərəcə Selsi daha aşağı temperaturda həyata keçirməyə imkan verir.

Tədqiqat zamanı məlum olub ki, polietilen və polipropilen ilkin mərhələdə hidrogen istehsalında daha az səmərəlidir. Bu səbəbdən alimlər həmin materiallar üçün əsas reaksiyadan əvvəl qısa müddətli termiki oksidləşdirmə mərhələsi hazırlayıblar.

Eksperimentlər nəticəsində hər üç plastik növünün səmərəli şəkildə parçalandığı müəyyən edilib. Reaksiya zamanı ayrılan karbon atmosferə karbon qazı kimi buraxılmır. O, natrium hidroksid tərəfindən tutulur və bərk natrium karbonata çevrilir.

Analizlər göstərib ki, plastikdə olan karbonun 75 faizdən çoxu sabit karbonat və ya maye üzvi qalıqlara çevrilir. Karbonun 13 faizdən az hissəsi qaz halında ayrılır, atmosferə birbaşa karbon emissiyası isə olduqca aşağı səviyyədə qalır.

Bundan əlavə, natrium karbonatı sadə kimyəvi proses vasitəsilə kalsium karbonata çevirmək mümkündür. Bu isə karbonun uzunmüddətli şəkildə minerallarda saxlanmasına şərait yaradır. Kalsium karbonat sənayenin müxtəlif sahələrində geniş istifadə olunan material hesab edilir.

Samir

0