Kişilər nəyə görə zorakılığa məruz qalır? - ŞƏRH

MÜSAHİBƏ
15:56 / 09.11.2021
7507

Bu gün cəmiyyətimizdə artan ailədaxili münaqişələr fonunda qadınlarla bərabər kişilər də zorakılığa məruz qalır. Bu zorakılıq psixoloji olsa da, hətta son dövrlərdə fiziki şiddətə məruz qalan kişilərə də rast gəlirik. 
Kişilərə qarşı zorakılığın kökündə dayanan əsas problemlər nədir, bu problemləri necə həll etmək  olar və s. kimi sualları sosioloq Sahib Altayla müzakirə etdik. 

HİT.az sosioloqla müsahibəni təqdim edir:

- Ailədaxili münaqişələrdə kişilərin döyülməyi, yəni zorakılığa məruz qalması hansı hallarda baş verə bilər?

- Məişət zorakılığının müxtəlif mərhələləri və növləri mövcuddur. Məsələn, psixoloji zorakılıq, iqtisadi asılılıq və bu asılılığın fonunda baş verən zorakılıq. Zorakılığın ümumi təsnifatlandırılmasından belə nəticə hasil olur ki, məişətdə təkcə qadınlar deyil, həm də kişilər zorakılığa məruz qalırlar. Məişət zorakılığının həm də müxtəlif tərəfləri var. Qadın-kişi, gəlin-qayınana, valideyn-övlad və ailəni təşkil edən tərəflərin valideynləri, qohumlararası münasibətlərin fonunda baş verən məişət zorakılığı. Məişətdə qadınların daha çox basqıya, psixoloji, iqtisadi, fiziki zorakılığa məruz qalması danılmazdır.

Bunun isə  kökündə dayanan başlıca səbəb gender bərabərsizliyi, patriarxat təfəkkür və fiziki gücün dominantlığıdır. Ancaq yuxarıda qeyd etdiyimiz kimi, eyni zorakılıq hallarının kişilərə qarşı yönəlməsi də mövcuddur. Problemi konkret bir səbəblə əlaqələndirmək doğru deyil. Müxtəlif səbəblər ola bilər. Məsələn, ailənin maddi ehtiyaclarını ödəyə bilməyən kişinin psixoloji zorakılığa məruz qalması qaçınılmazdır. Bu, münasibətlərə, ailələrə, insanlara görə dəyişə bilər. Lakin bir çox hallarda ödənilməyən ehtiyaclar aqressiya yaradır və münasibətlərdə anlaşılmazlıq meydana gəlir. Bu anlaşılmazlıqlar isə zamanla ailə münaqişələrinə çevrilir ki, bu, həm kişinin qadına, həm də qadının kişiyə psixoloji zorakılıq faktı kimi ortaya çıxır.

Məişət zorakılığını meydana gətirən maddi səbəblər olmaya da bilər. Xeyli sosial-mənəvi səbəblər var ki, bunlar məişət zorakılıqlarını birinci psixoloji mərhələdən, sonuncu cinayət aktına kimi gətirib çıxara bilir. Söhbət məhz kişilərə qarşı məişət zorakılığından gedirsə, məsələn, hər hansısa bir kişinin öz qadınına xəyanət etməsi. Müasir dünyada artıq "gender balansı", "gender bərabərliyi", "gender aktı" kimi anlayışlar mövcuddur. Bunu dərk edən qadınlar qarşı tərəfi heç cür bağışlamır. Azad həyat tərzinin psixoloji və iqtisadi şərtləri ödənildiyi təqdirdə qadın bu hallarda asan şəkildə həyat yoldaşından ayrıla bilər və ya ayrılmasa belə hansısa bir şəkildə ona qarşılıq verməyə çalışır. Bu qarşılıq növlərindən biri də məişət zorakılığıdır. Bu, qadının fiziki gücü fonunda birbaşa özü tərəfindən də ola bilər. Əksər hallarda isə yenə patriarxatın özü öz daxilində mübarizəsi fonunda. Qadının kişi qohumları tərəfindən o qadının qürurunu incidən kişi cəzalandırılır.

Sahib bəy, məişətlə bağlı mənfi halları ortaya çıxaran bütün səbəblər məişət zorakılığını formalaşdıra bilərmi?

Bəli, sosial araşdırmalar bunun işsizlik, ailə tələbatlarının ödənilməməsi, mental təfəkkür, xəyanət, qısqanclıq, xoşagəlməz vərdişlər və.s bütün maddi və sosial-mənəvi səbəblər ola bildiyini göstərir.

Nahidə Əmiraslanova

0