Elnarə Bəxtiyarlı: "Birdə heç vaxt Aqşin Fatehlə duet oxumaram" - MÜSAHİBƏ  

MAQAZİN
15:22 / 31.10.2023
10837

"Bundan sonra heç vaxt Aqşin Fatehlə duet oxumaram".

Bu sözləri tanınmış müğənni Elnarə Bəxtiyarlı HİT.az-a müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

- Elnarə xanım, Aqşin Fatehlə "Yaz küləyi" adlı duetiniz çox sevilmişdi. Bir çoxları yeni duetlərinizi gözləsə də olmadı. Nə üçün Aqşin Fatehlə yeni duetlər oxumadınız?
- Aqşin Fateh çox çətin adamdır. Ona görə də onunla davam edə bilmədim. Üstəlik, Aqşin Fatehin duet ortağı çoxdur. Çox duet oxuyan adamla isə mən oxuya bilmərəm. Bundan sonra da heç vaxt Aqşin Fatehlə duet oxumaram. Əslində, Aqşin bəylə heç bir problemim yoxdur, amma onunla duetimiz bir də alınmaz. Çünki mən əmr almağı sevmirəm və kiminsə oyuncağı kimi hərəkət edə bilmərəm. Aqşin Fatehin xasiyyəti elədir ki, hər şeydə özünün dediyinin olmasını istəyir. Mən isə elə şeyi qəbul etmirəm. Bu səbəbdən də yeni duetlərimiz olmadı.

- Bir çox müğənnilər duet ortaqlarına pul ödəyir və sözügedən layihələr piar məqsədli olur. Zaman-zaman bununla bağlı etiraflara da şahidlik etmişik. Siz Aqşin Fateh və ya başqa müğənnilərlə oxuduğunuz duetlər üçün ödəniş etmisiniz?
- Mən indiyə kimi heç bir müğənniyə duet oxumaq üçün pul verməmişəm. Bundan sonra da duet ortaqlarıma pul verməyi düşünmərəm. Əksinə, duet oxumaq təklifi həmişə mənə qarşı tərəfdən gəlib. Bunun üçün isə ödəniş olmayıb.

- Sizin Balaəli ilə "Yadıma düşmüsən" adlı duetiniz də sevildi. Bəs Balaəli ilə yeni duetiniz olacaqmı?
- Əslində Balaəli ilə duetimiz sürpriz oldu. Yəni "Yadıma düşmüsən" adlı mahnı bir fanatımız tərəfindən hazırlanmışdı. Biz də maraq üçün onu "YouTube" səhifəmizə yüklədik. İzləyicilər tərəfindən belə müsbət qarşılaşacağını və bu qədər seviləcəyini heç gözləməzdik. Hətta qısa müddətdə trendə düşdü və milyonlarla dəfə izləndi. Həmin mahnı çox uğurlu oldu və onun sayəsində də xeyli sevildim. Buna görə Balaəliyə də təşəkkür edirəm. İnşallah duetlərimiz davamlı olar.

- Hər zaman müğənnilərin toy qiymətləri gündəm olur. Maraqlıdır, siz toylar üçün nə qədər məbləğ tələb edirsiniz?
- Üzrlü sayın, amma mən toya hansı qiymətə getdiyimi açıqlaya bilmərəm. Amma hər kəsin büdcəsinə uyğun qiymət deməyə çalışıram. Yəni xalqımızın, məni sevən ailələrin toy məclislərində iştirak etmək üçün münasib qiymət deyirəm.

- "Instagram"da paylaşımlarınıza yazdığınız cümlələr də maraqla qarşılanır. Onların daha çox atmacalı sözlər olması diqqət çəkir. Sözügedən paylaşımlar kiməsə ünvanlanır?
- Əslində, "Instagram"da yazdığım statuslar heç kimə ünvanlanmır. Amma bəzi insanların dərs alması üçün yazıram ki, hər kəs yerini bilsin. Düzdür, arada sevgi statusları da yazıram, lakin onları da heç kimə aid etmirəm. Sadəcə olaraq məntiqli cümlələri çox sevirəm və onları öz səhifəmdə yazıb paylaşmağı xoşlayıram.

Pərviz Şimşək

0