Futbol bəzən 90 dəqiqəyə sığmır. Elə məqamlar olur ki, mövsüm boyu axıdılan tər, tribunaları dolduran minlərlə azarkeşin ümidi və meydanda qazanılan nəticələr bir qərarın kölgəsində itib-batır.
Onda söhbət artıq qol vurmaqdan, xal toplamaqdan yox, futbolun ən fundamental prinsipi olan ədalətdən gedir. 2025/26 mövsümü Azərbaycan futbolu üçün məhz belə bir hadisə ilə yadda qaldı. Premyer Liqada tarixinin ən uğurlu mövsümlərindən birini keçirən, rəqiblərinə meydan oxuyan, ölkənin futbol xəritəsində Tovuzu yenidən əsas mərkəzlərdən birinə çevirən "Turan Tovuz" sonda Avropa səhnəsinə çıxa bilmədi. Halbuki "boz qurdlar" bunu meydanda qazanmışdı.
Ən qəribəsi isə budur ki, qərarın ardından hədəfə çevrilən ilk ünvan klub rəhbərliyi oldu. Sanki son illərdə görülən işlər, yaradılan sistem, qazanılan uğurlar və minlərlə insanın zəhməti bir anda silindi. Halbuki hadisələrə emosiyalarla deyil, faktlarla baxanda tamamilə fərqli mənzərə ortaya çıxır.
"Turan Tovuz" son iki ildə sadəcə güclü komanda formalaşdırmadı. Klub bölgə futbolunun simasını dəyişdi. Uzun illər böyük futbol həsrəti yaşayan Tovuz yenidən nəfəs aldı. Stadion əvvəlki coşqusuna qovuşdu, şəhər komandasının ətrafında birləşdi, uşaqlar yenidən futbolçu olmağın xəyalını qurmağa başladı. Bu dəyişikliklər təsadüfün deyil, planlı və ardıcıl idarəçiliyin nəticəsi idi.
Rəhbərlik maliyyə sabitliyini qorudu, heyəti mərhələli şəkildə gücləndirdi, dünya futbolunda tanınan Kurban Berdıyevi komandaya gətirdi və rəqabətədavamlı kollektiv formalaşdırdı. Mövsümün sonunda qazanılan nəticə də göstərdi ki, "Turan Tovuz" təsadüfən yox, görülən işlərin məntiqi nəticəsi olaraq Avropa vəsiqəsini əldə etmişdi.
Bəs onda günah kimdə idi? Bu sualın cavabı meydanda deyil.
"Turan Tovuz" avrokuboklardan zəif oynadığı, transferlərdə uğursuz olduğu və ya rəhbərlik səhvlərə yol verdiyi üçün kənarda qalmadı. UEFA-nın qərarı 2019-cu ildə Birinci Divizionda baş vermiş danışılmış oyunlarla bağlı AFFA İntizam Komitəsinin çıxardığı qərara əsaslanırdı. Həmin hadisələrə görə vaxtilə bir neçə futbolçu ağır cəzalandırılmışdı. UEFA isə klubun Avropa turnirlərində iştirak hüququnu qiymətləndirərkən həmin faktı əsas götürdü və "Turan Tovuz"un Konfrans Liqasına buraxılmaması barədə qərar qəbul etdi.
Ən ağrılı məqam isə budur ki, bugünkü "Turan Tovuz" həmin hadisələrin komandası deyil. Nə indiki rəhbərlik, nə məşqçilər korpusu, nə də futbolçular o dövrün iştirakçıları olublar. Amma cəzanın ağırlığını məhz onlar daşımalı oldular. Meydanda qazanılan haqq illər əvvəl baş vermiş hadisələrin kölgəsində itib-batdı.
Bu hadisə yalnız "Turan Tovuz"un yox, bütövlükdə Azərbaycan futbolunun problemidir. Çünki futbolun əsas qanunu sadədir: haqq meydanda qazanılır. Azarkeş də buna inanaraq tribunaya gəlir. Lakin meydanda qazanılan uğur masa arxasında əldən alınanda, zərbə təkcə bir kluba dəymir. Futbolun özünə dəyir.
Belə məqamlarda günahkar axtarmaq asandır. Ancaq obyektivlik başqa şeyi deyir. Əgər rəhbərlik bacarıqsız olsaydı, "Turan Tovuz" ardıcıl iki mövsüm inkişaf etməzdi. Klubun maliyyə intizamı pozulmazdı, transfer siyasəti nəticə verməzdi, Tovuz stadionu hər oyunda dolmazdı və komanda illər sonra Avropa arzusu ilə yaşamazdı. Bu uğurlar təsadüfi deyil, düşünülmüş strategiyanın məhsuludur.
Əksinə, yaşanan hadisə bütün Azərbaycan klubları üçün ciddi xəbərdarlıqdır. Müasir futbolda təkcə meydandakı nəticə kifayət etmir. Klubun hüquqi keçmişi, beynəlxalq qaydalara uyğun fəaliyyəti və illər əvvəl verilmiş qərarlar belə gələcəyinə təsir göstərə bilir. "Turan Tovuz" bunun ən acı nümunəsinə çevrildi.
Bununla belə, bu hekayənin sonu hələ yazılmayıb. Son illərdə yaradılan sağlam təməl göstərir ki, "Turan Tovuz" təsadüfi yüksəliş yaşamır. Bu klubun arxasında sistem, məqsəd və inkişaf strategiyası dayanır. Əgər bu istiqamət qorunarsa, "boz qurdlar" gec-tez Avropa səhnəsinə çıxacaq. O zaman bu uğur təkcə bir komandanın yox, illərlə səbir göstərən şəhərin, tribunaları boş qoymayan azarkeşlərin və bütün bölgə futbolunun zəfəri olacaq.
Tarix isə 2025/26 mövsümünü turnir cədvəlindəki rəqəmlərlə deyil, bir komandanın meydanda qazandığı haqqın hüquqi qərarla əlindən alınması kimi xatırlayacaq. Çünki bəzən futbolda səni rəqib məğlub etmir. Bəzən məğlub olan elə ədalətin özüdür...
Nahid Əli

