Tarixi görüş necə YADDA QALDI?

KÖŞƏ YAZILARI
15:00 / 20.11.2026
56

Ötən gün Çin tarixi görüşə ev sahibliyi etdi.

Hit.az xəbər verir ki, noyabrın 19-da Şençjen şəhərində Çin lideri Si Cinpin, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçirildi.

Bu, onlar arasında ilk üçtərəfli görüş kimi tarixə düşdü. Üç supergücün liderini bir araya gətirən bu görüş tarixi formatı və simvolik çəkisi ilə dərhal beynəlxalq gündəmin mərkəzinə düşdü. Təxminən bir saat yarım davam edən danışıqlar zamanı liderlər qulaqlıqlar vasitəsilə sinxron tərcümədən istifadə etdilər və çin, rus, ingilis dillərində lövhə qarşısında birgə foto çəkdirdilər. 

Çin lideri çıxış edərkən Trampın yuxulaması xeyli müzakirələrə səbəb oldu. Həmçinin, Si Cinpinin protokoldan kənara çıxaraq ABŞ Prezidentini şəxsən qarşılaması da gündəm oldu. O, Rusiya liderini isə özü qarşılamadı. Bundan başqa, Tramp Putinlə görüşmək üçün otağa gələrkən Rusiya Prezidentini göstərərək, “O kimdir?”, sonra isə “Dostumdur” deməsi təbəssüsmlə qarşılandı. 

Görüş zalında Quan Şanyuenin 1974-cü ildə çəkdiyi “Böyük səddin hər iki tərəfində səhər şəfəqi” əsərinin yerləşdirilməsi və masanın çəhrayı səhləblərlə bəzədilməsi protokol detalları arasında diqqət çəkdi. Donald Tramp müzakirələri açarkən görüşü tarixi adlandırdı və üç böyük gücün nüvə ehtiyatlarının azaldılması ilə nüvə risklərinin endirilməsində unikal mövqeyə malik olduğunu bildirdi. O, həmçinin Beynəlxalq Cinayət Məhkəməsini tənqid edərək onu nəzarətdən çıxmış qurum kimi qiymətləndirdi. 

Görüşə ev sahibliyi edən Si Cinpin böyük dövlətlər arasında qarşılıqlı hörmətin, dinc yanaşı yaşamanın və dialoqun vacibliyini vurğuladı. Çin lideri nüvə müharibəsinin qarşısının alınmasına və nüvə silahlarının tam qadağan edilməsinə çağırış etdi. Vladimir Putin isə beynəlxalq sülh və təhlükəsizlikdə birgə məsuliyyətdən, münaqişələrin həllində maraqların üst-üstə düşməsindən və Ukrayna məsələsindən danışdı. 

Rusiya Prezidenti bu dialoq formatının davam etdirilməsinin arzuolunan olduğunu bildirərək müzakirələri açıq və faydalı adlandırdı. Sammitdən sonra liderlər jurnalistlər qarşısında birgə şifahi bəyanatla çıxış etməsələr də, tərəflərin sülhə doğru birgə bəyannaməsi ictimaiyyətə təqdim olundu. Həmin sənəddə BMT-nin qlobal çağırışlara daha səmərəli cavab verməsi üçün islahatların aparılmasına sadiqlik ifadə edildi. 

Bəyannamədə sabit enerji axınlarının əhəmiyyəti və emal olunmuş neft məhsullarının istehsalı ilə tədarükünün artırılması planları da yer aldı. Sənəddə dövlət razılığı prinsipinə və dövlət rəsmilərinin toxunulmazlığına hörmətin vacibliyi qeyd olunaraq beynəlxalq məhkəmə orqanlarının öz yurisdiksiyasından sui-istifadə etməməli olduğu bildirildi. 

Nüvə risklərinin azaldılması və nüvə silahlarının yayılmamasının qarşısının alınması üzrə dialoqun davam etdirilməsi də razılaşdırılan əsas müddəalardan oldu. Lakin Ukrayna müharibəsinin dayandırılması istiqamətində köklü irəliləyiş əldə olunmadı və birgə bəyannamədə Kiyevin adı çəkilmədi. Bundan əlavə, liderlərinin bir-birləri ilə ikitərəfli görüşləri də keçirildi. Rusiya xarici işlər naziri Sergey Lavrov sammitdəki və ikitərəfli təmaslardakı atmosferi müsbət qiymətləndirdi. 

Analitiklərin fikrincə, görüş Pekinə diplomatik nüfuz qazandırdı, Vaşinqton və Moskvaya isə qlobal səhnədə mövqelərini nümayiş etdirmək imkanı verdi. Eyni zamanda vurğulandı ki, üç böyük gücün dialoqu mühüm siyasi siqnal olsa da, dünya siyasətinin gələcəyi yalnız bu üç ölkənin qərarlarından asılı deyil. Yəni Şençjen görüşü böyük dövlətlər diplomatiyasının yeni mərhələsini nümayiş etdirməklə yanaşı, verilən bəyanatların real nəticələrə çevrilməsi sualını da gündəmdə saxladı və ciddi nəticələr əldə olunmadı.

Pərviz

0