Nəsibə Zeynalova - Azərbaycan səhnə sənətində xarakterin, milli yaddaşın və aktyor təfəkkürünün fenomeni

KÖŞƏ YAZILARI
09:20 / 13.11.2026
112

Azərbaycan teatr və kino sənətinin tarixində elə sənətkarlar var ki, onların fəaliyyət yolunu yalnız ifa etdikləri rolların sayı, qazandıqları mükafatlar və ya tamaşaçı sevgisi ilə ölçmək mümkün deyil. 

Onların sənəti bütöv bir dövrün estetik düşüncəsini, xalqın xarakter modellərini və milli xarakterin xüsusiyyətlərini özündə birləşdirir. Xalq artisti Nəsibə Zeynalova məhz bu mənada Azərbaycan mədəniyyətində xüsusi fenomen hesab edilə bilər.

Nəsibə Zeynalovanın yaradıcılığı üç fərqli istiqamətdə dərk edilməlidir : milli xarakterin bədii kodları, komediyanın sosial-psixoloji funksiyası və aktyor ifasının multimodal , polifonik kommunikasiya xüsusiyyətlərini!

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda dünyaya göz açmış, 10 mart 2004-cü ildə isə zəngin sənət irsi qoyaraq əbədiyyətə qovuşmuşdur. Onun sənət dünyasına daxil olması sadəcə fərdi istedadın üzə çıxması deyil, eyni zamanda milli teatr ənənələrinin ailə mühitindən gələn mənəvi və estetik davamlılığının təzahürü idi. Azərbaycan realist aktyor sənətinin tanınmış nümayəndəsi Cahangir Zeynalovun qızı olması onun sənətlə erkən yaşlardan təmas qurmasına zəmin yaratmışdı. 

Lakin Nəsibə Zeynalovanın sənət tarixindəki mövqeyini yalnız bu irslə əlaqələndirmək doğru olmazdı. O, atasından gələn sənət ənənəsini özünəməxsus aktyor təfəkkürü, fərdi ifa üslubu və bənzərsiz səhnə energetikası ilə zənginləşdirərək Azərbaycan teatr və kino sənətində müstəqil yaradıcılıq məktəbi formalaşdıran sənətkarlardan birinə çevrildi.

Nəsibə Zeynalova yaradıcılığından bəhs edərkən komediya janrını xüsusi ilə yad etmək lazımdır. Çünki bu janr Nəsibə xanımla yenidən öz bədii xüsusiyyətlərini yeniləmiş və bir çox elmi-estetik janr xüsusiyyətləri qazanmışdır.

Nəsibə Zeynalovanın komediya sənətindəki uğurunu şərtləndirən əsas amillərdən biri həyatın özündə mövcud olan paradoksları son dərəcə incə aktyor müşahidəsi ilə səhnə və ekran dilinə çevirə bilməsi idi. O, insan münasibətlərinin zahirən adi görünən məqamlarında belə dərin xarakter toqquşmaları tapır, gündəlik həyatın kiçik detallarını ümumiləşdirərək geniş ictimai məna daşıyan obrazlar yaradırdı. 

Onun təqdimatında insanın xasiyyəti, iddiaları, zəiflikləri və daxili ziddiyyətləri süni şəkildə qabardılmır, təbii davranışın içərisindən üzə çıxarılırdı. Kino yaradıcılığında isə Nəsibə Zeynalova obrazların daxili dünyasını daha incə detallar, baxışlar, mimikalar və təbii dialoqlar vasitəsilə tamaşaçıya çatdırırdı. “Qayınana” filmində yaratdığı “Cənnət” obrazı bu baxımdan xüsusi diqqətə layiqdir. “Cənnət” yalnız bir ailənin daxilində baş verən hadisələrin iştirakçısı deyil, həm də ailə münasibətlərində mövcud olan xarakter toqquşmalarının, nəsillərarası düşüncə fərqlərinin və şəxsi nüfuz mübarizəsinin bədii ifadəsidir. 

Aktrisa bu obrazın ziddiyyətlərini elə təqdim edir ki, tamaşaçı bir tərəfdən onun davranışlarına gülür, digər tərəfdən isə həmin davranışların arxasında dayanan insan xarakteri haqqında düşünür. Məhz burada Nəsibə Zeynalovanın sənətkarlığının mühüm xüsusiyyəti üzə çıxır: o, adi məişət hadisəsini ümumiləşdirərək cəmiyyətin tanış münasibətlərini sənət predmetinə çevirə bilirdi.

Nəsibə Zeynalovanın həyat və sənət yolu heç də hamar olmayıb. O, yaradıcılıq fəaliyyəti boyunca müxtəlif çətinliklərlə üzləşmiş, qarşılaşdığı maneələrə baxmayaraq sənətinə sədaqətini qoruyaraq özünəməxsus yaradıcılıq mövqeyini formalaşdırmışdır. Onun keçdiyi bu yol yalnız bir aktrisanın sənət uğurlarının deyil, həm də əzmkarlığın, iradənin və sənətə bağlılığın ifadəsidir.

Nəsibə Zeynalova səhnədə böyük sənətkar, evində isə qayğıkeş ana idi. İkiotaqlı mənzildə yaşayan aktrisa ailəsinin qayğılarını sənət sevgisi ilə uzlaşdırmağı bacarırdı. Oğlu xatırlayır ki, anası rollarına hazırlaşmaq üçün evdə hamı yatdıqdan sonra mətbəxə çəkilər, gecənin səssizliyində məşqlərini davam etdirərdi. Sanki onun sənət dünyasının ən böyük məşqləri bəzən səhnədə deyil, kiçik bir mətbəxin səssizliyində başlayırdı.

Hətta məşhur “Qaynana” rolunu oynayanda onun mətbəxdə hazırlaşmağı, eyni zamanda filmdə olan təsbeh səhnəsini və zikrləri oğlu qeyd edir ki , öz müsahibəsində anası nənəsindən öyrənib. Bunun üçün də, filmdə oynalılan səhnələr daha təbii və daha realdır. Hətta Nəsibə Xanım həmin filmdə mətbəxdə oxuduğu bayatını da öz anasından öyrənmişdi, çünki o xatırlayırmış ki, anası bu bayatını hər zaman zümzümə edərmiş.

Maraqlıdır ki, Nəsibə Zeynalova nə qədər arzulasa və çalışsa da, dövrünün müəyyən səbəblərindən Dram Teatrında fəaliyyət göstərə bilməmişdi. Halbuki bu teatrın sənət ənənələrinin formalaşmasında atası Cahangir Zeynalovun xüsusi yeri vardı. Beləcə, atasının sənət tarixində iz qoyduğu səhnə qızının arzularından biri olaraq qalmışdı.

Nəsibə xanımın səhnəyə və sənətə bağlılığı onun həyatının son illərində də dəyişməmişdi. Çəkilişindən bir neçə il sonra təqdimatı keçirilən “Yuxu” filminin ilk nümayişi Gəncədə təşkil olunurdu. Aktyor heyəti Nəsibə xanımın səhhətindəki problemləri və yaşını nəzərə alaraq onun səfərə qatılmayacağını düşünürdü. Lakin qatardan bir neçə saat gözlədikdən sonra Nəsibə xanımın da gəldiyini görürlər. O isə belə deyir: “Mən heç qoyardım ki, siz mənsiz Gəncəyə gedib filmin təqdimatını keçirəsiniz?”

Bu hadisə onun sənətə sədaqətini və həmkarlarına bağlılığını ifadə edən yaddaqalan xatirələrdən biridir. Nəsibə Zeynalova Azərbaycan gəlinlərinin ömürlük qaynanası və bir xalqın el anası adını qazanmışdır.

Aparıcı Həsrət Bəhramoğlu

0