Ölkədə səhiyyə xidmətlərinin əlçatanlığı və tibbi yardımın keyfiyyəti yalnız müasir avadanlıqların, xəstəxanaların və müalicə imkanlarının mövcudluğu ilə ölçülmür.
Bu sistemin ən vacib dayaqlarından biri də kifayət qədər peşəkar həkim kadrlarının yetişdirilməsidir. Xüsusilə ayrı-ayrı ixtisaslar üzrə tibbi mütəxəssis çatışmazlığı, regionlarda həkim təminatının gücləndirilməsi və gənc kadrların səhiyyə sisteminə cəlb olunması məsələsi bu gün də aktuallığını qoruyur.
Son dövrlərdə Azərbaycanda tibb təhsili sahəsində atılan addımlar bu problemin həlli ilə bağlı yeni perspektivlər yaradır. Qarabağ Universitetində tibb təhsilinin təşkili və Sumqayıt Dövlət Universitetində tibb fakültəsinin yaradılması ölkədə gələcək həkimlərin hazırlanması üçün əlavə imkanların formalaşması anlamına gəlir. Bu təşəbbüslər bir tərəfdən ali tibbi təhsilin coğrafiyasını genişləndirir, digər tərəfdən isə gələcəkdə səhiyyə müəssisələrinin kadr təminatına töhfə verə biləcək yeni təhsil mərkəzlərinin meydana çıxmasını şərtləndirir.
Onu da bildirək ki, uzun illər Azərbaycanda ali tibbi təhsil üzrə mütəxəssis hazırlığı əsasən Azərbaycan Tibb Universitetinin üzərinə düşüb. Bu isə ölkədə gələcək həkimlərin hazırlanması baxımından məhdud imkanlar yaradırdı. Son dövrlərdə Qarabağ Universitetində tibb təhsilinin təşkili və Sumqayıt Dövlət Universitetində bu istiqamətdə fakültənin yaradılması təşəbbüsü isə olduqca təqdirəlayiq addım kimi qiymətləndirilə bilər.
Nəzərə almaq lazımdır ki, həkim olmaq istəyən gənclərin bir qismi bu məqsədlə xarici ölkələrə üz tutaraq tibbi təhsil almağa üstünlük verirdi. Yeni təhsil imkanlarının yaradılması isə gənclərə öz ölkələrində həkimlik ixtisasına yiyələnmək, ailələrindən və yaşadıqları mühitdən uzaq düşmədən təhsil almaq şəraiti yarada bilər. Bu baxımdan, ali tibbi təhsilin müxtəlif şəhərlərdə inkişaf etdirilməsi həm tələbələrin seçim imkanlarını genişləndirir, həm də gələcəkdə yerli tibbi kadr potensialının artırılmasına xidmət edə bilər.
Dünya təcrübəsinə nəzər saldıqda da, qonşu Türkiyə və Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən universitetlərdə tibb fakültələrinin mövcud olduğunu görürük. Bu model ayrı-ayrı bölgələrdə yaşayan gənclərin ali tibbi təhsilə çıxışını asanlaşdırır. Azərbaycanda da tibbi təhsilin coğrafiyasının genişlənməsi bu baxımdan mühüm və müsbət addımdır.
Sevinc


