Təhsillə bağlı bu qərar mənfi fəsadlar törədə bilər - ETİRAZ

ÖLKƏ
11:42 / 29.08.2020
1029

Ekspertlər onlayn təhsil sisteminin Azərbaycanda təhsili dəfn edəcəyini düşünürlər. Onların fikrincə, ötən dövr sübut etdi ki, bizdə onlayn təhsil üçün imkanlar məhduddur. Ən başlıca problem internetin əlçatan olmamasıdır. Məhz bu səbəblə ortaya müxtəlif problemlər çıxır və bu da effektli nəticənin əldə olunmamasına səbəb olur. Lakin bütün bunlara baxmayaraq, Təhsil Nazirliyinin sonuncu mətbuat konfransında nazir Emin Əmrullayev bir müddət daha dərslərin onlayn keçiriləcəyini açıqlayıb.  

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, onlayın dərslər təhsilə və təhsil alanlara bir neçə istiqamətdə mənfi təsir göstərə bilər:

“Birincisi, şagirdlərin təhsildən yayınmasına və təhsildən kənarda qalmasına səbəb ola bilər. İndiyədək şəhər və kənd yerlərində qızların təhsildən yayınması halları baş verirdi. Bunun başlıca səbəbi insanların maddi ehtiyaclarının ödənilməməsidir. Qeyd edim ki, ən çox yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar, adətən, səkkizinci sinifdə oxuyarkən nişanlanır ki, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Elə hallar olur ki, hətta qızın nişanlısı onun yazı işi yazmaqdan ötrü məktəbə getməsinə irad tutur. Beləliklə, qızlar formal olaraq orta məktəbdə təhsil alırlar. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir. Amma pandemiya dövründə əhatə dairəsi daha da genişlənəcək. Belə ki, pandemiya dövründə texniki imkanları olmadığı üqçün bir çox şagird bu prosesdən kənarda qalacaq. UNESKO-nun hesablamalarına görə, dünyada 1.5 milyarddan çox insan koronavirusla mübarizədə hökumətin məhdudiyyətlərinə görə məktəb və universitet dərslərinə getmir. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdlərə çatdırıla bilməyib. Pandemiyadan əvvəl hətta 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi bacarıqları alaraq məktəbi bitirib”. 

Kamran Əsədovun sözlərinə görə, Təhsil nazirinin 2020-2021-ci tədris ilində şagirdlərin dərslərdə iştirakını valideyinlərin ixtiyarına buraxması mənfi fəsadlar törədə bilər:

“Hesab edirəm ki, icbari təhsilin prinsipləri qorunmalıdır. Şagirdlər ya ənənəvi, ya da onlayn dərslərdə məcburi olaraq iştirakı etməlidir. Burada qayıb limiti, qiymətlndirmə mexanizmi tətbiq edilməlidir. Biz virtual məktəb layihəsində bunun şahidi oluruq. Ölkədəki 1.6 milyon şagirdin 1 milyonu virtual məktəbdən qeydiyyatdan keçib, 600 min şagird kənarda qalıb. Ona görə də bütün şagirdlər prosesə cəlb olunmalıdır və bu məcburi xarakter almalıdır”.

Həmsöhbətimiz hesab edir ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatanlılığı tam şəkildə təmin olunmayıb:

“Xüsusilə ali təhsil pilləsində ciddi çatışmazlılar mövcuddur. Belə ki, onlar 2009-cu ildən etibarən distant təhsili təmin etməli idilər. Maraqlıdır ki, universitetləri akreditasiyadan keçirən şəxs və qurum niyə buna göz yumub? Bu müddət ərzində universitetlər azı 2 dəfə akreditasiyadan keçiblər və onlar ən vacib göstərici üzrə tələbə cavab vermədikəri halda, onu nəyəsə və ya kiməsə görə akreditasiyadan keçiriblər. İndi isə 165 min tələbə tədrisdən kənarda qalıb. Düşünürəm ki, mobil operatorlar və internet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar. Nəərə alsaq ki, internet hal-hazırda təhsil alanların təhsil verənlərlə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, müəyyən qədər şagirdin bilik və bacarlıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, DİM-in “YouTube” resursları və DİM-in okt.az portalından dövlət sınaqları ilə bilik və bacarıqlarını yoxlamalıdırlar ki, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilsinlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır”. 

Ekspert vurğulayıb  ki, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi onlayn dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir:

“Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə onlayn dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür. Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Qardaş Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölklərində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”.

0