“Bakı marafonu 2024” start götürdü - YENİLƏNİB

SOSİAL
14:33 / 05.05.2024
540

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.

Hit.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

10.30

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”ə start verilib.

Yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır.

Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var.

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edir.

0