Azərbaycanda vaksin vurduranlar xüsusi imtiyaz sahibi olacaq? - Qadağalar bizi gözləyir...

ÖLKƏ
18:30 / 31.03.2021
1455

"Girdiyimiz kafedə xeyli adam var idi. Hamı deyir  gülür. Əlimi yumaq  üçün ayağa qalxanda restoran işçiləri bildirdilər ki, masa başında maskasız əyləşsək də, ayaq üstə gəzənlərin maska taxması şərtdir.

Koronavirusun ancaq ayaq üstə duranlara toxunmasınımı düşünürlər? Nədir bu qəribə  Hammurapi qanunları? Avtobuslarda qucaqlaşmış formada, nəfəs-nəfəsə gedə bilirik. Amma açıq havada, insanların az olduğu yerdə maskanı  burnundan aşağı itələsən, maaşının yarısını burnundan gətirəcəklər. Büşqa cür edəndə də mizan-tərəzi itir. Məsələn, dost  ölkə Ukraynadakı kimi..."

HİT.Az xəbər verir ki, bu fikirləri hazırda Kiyevdə səfərdə olan həkim Müşfiq Hüseynov səsləndirib. O, fikrini belə davam etdirib:

“Ukrayna COVİD-lə mübarizədə simbioz yanaşma yolu tutub. Xəstə sayı pik, xəstəxanalar dolu, ölü sayı çox. Dərman yox, XT aparatları çatmır, test bizdəkindən bahadır - təxminən 60 dollar. Vaksinasiya prosesi ya gec gedir, ya da bərbaddır. Hətta 65-dən yuxarı yaşda olanlardan belə peyvənd almayanlar var. Əhalinin çox böyük hissəsi, “çip, öldürücü peyvənd” söhbətlərinə ciddi inanır. Maska yasağı yoxdur deyə, insanların əksəriyyəti maska taxmır. Məsələn, qaldığım oteldə personaldan başqa heç kim.

Restoranlar bağlanıb, amma pərdələri endirib turist və xüsusi müştərilər üçün işləyirlər. Ən önəmlisi, əlavə 20 dollar qarşılığında siz saxta pozitiv test cavabı ala bilərsiniz. Sadəcə, təyyarəyə minmək üçün...”. 

Ölkəmizdə də bayramdan sonra yoluxma  və ölüm faktları yüksək sürət alıb. Günə 2 mindən çox yoluxma sayı həyəcan yaradır. Sosial şəbəkələrdə sərt karantin rejiminə keçiləcəyi təqdirdə vaksinin hər iki dozasını almış şəxslərə SMS icazə almadan şəhərə çıxmaq icazəsinin veriləcəyi deyilir. Xarici təcrübəyə istinadən, Azərbaycanda da vaksin edilmiş şəxslərlərin qazana biləcəkləri üstünlüklər barədə danışılır. Necə deyərlər, buna əl yeri qoyulur. Cəmiyyət arasında sərt qapanmanın başlanması barədə hər an xəbər yayılacaq deyə bir səksəkə var.

Mütəxəssislər vaksin alanlara xüsusi imtiyazların verilməsi ilə bağlı  fərqli reaksiyalar göstərir. İnfeksionist həkim Ümid Səlimzadə hesab edir ki, kütləvi immunitet olmadığına görə, vaksin olmuş şəxslərin  kütləvi qapanmalardan kənarda qalması doğru deyil: “Ölkədə yaşayan 7 milyon əhalidən yalnız yarım milyon insanın birinci  peyvəndi, 226 min nəfərin ikinci peyvəndi alması hələ böyük göstərici deyil. Peyvəndin  vurulma sürətini artırsaq,  qapanmalara getmədən virusla mübarizə apara bilərik”.

Deputat Müşfiq Məmmədli isə hesab edir ki, vaksinasiyadan keçmiş insanın konkret olaraq yoluxma  ehtimalı 80-85 faiz aşağıdır.

"Peyvənd olunan insan risk  faktoru daşımır. O daha rahat hərəkətə edə bilər. Dünyada vaklsin pasportları anlayışı var. Bu pasportlarla digər ölkələrə gediş-gəliş, eləcə də ölkə daxilində hərəkət asanlaşacaq. Bunlar variantlar arasındadır”,- deyə parlamentari bildirib. Yəni bu söyləntilərin reallaşmaq ehtimalı var.

Xatırladaq ki, peyvənd edilmiş şəxsin 100 faiz yoluxmama ehtimalı yoxdur. Sadəcə, ölüm riski aradan qalxır və yoluxma riskini azaldır.

Qeyd edək ki, Almaniyada əhalinin 11 faizi tam iki dozanı, 5 faizi bir dozanı ala bilib. Amma vaksin alanlar və almayanalar arasında karantin qaysalarında fərq qoyulmur. İsraildə bütün əhali birinci peyvəndini alıb, əhalinin 50 faizi isə ikinci dəfə peyvəndlənib. Bu ölkədə kütləvi immunitetin formalaşdığını demək olar.

Ölkəmizdə artım bu sürətlə gedərsə, peyvənd olunanlara xüsusi imtiyazların verilməsi, yəqin ki, mümkün olmayacaq. Onu da qeyd edək ki, hazırda peyvəndin vurulıması  üçün yaşlıları, demək olar ki, “yalvaran” dövlət xəstəxanaları (çünki vaksindən qorxanlar da var), poliklinikalar onları prosesə cəlb etmək  üçün özləri də bilmədən yalan  informasiyaların yayılmasına səbəb olurlar.
“Vaksin vurulmasa pensiya verilməyəcək”,  “3 ay sonra 340 manat verib vurdurmalı olacaqsınız” şəklində şaiyələr də belə yaranıb dolaşmaqdadır.

Xəstəxanalarda vaksinlərin vurulması zamanı da müəyyən problemlər yaranır. Onlayn randevu sisteminə əməl edilmir, bir dozanın  iki nəfərə vurulması, dərmanın xəstənin gözü önündə deyil, başqa otaqda şprislərə doldurulub gətirilməsi kimi faktlar narahatlıq doğurur. 

Vaksin könüllülük prinsipi əsasında vurulsa da, əslində çox qısa müddət sonra biz bunun vacibat olduğunu anlayacağıq. Həm də səhhətimizdə deyil, sosial həyatımızda. Vaksinsiz konfranslara qatılma, iş yerinə gəlmə, səyahətə çıxma, sərhədləri keçmə, otelə, restorana girmə kimi qadağalar artıddqa vaksin vurdurmamış azad insan öz balaca çevrəsində məhbəs həyatı yaşamalı olacaq.

 İlhamə

0