“İnsanların öz bədənlərini daha yaxşı anlamaqlarına çalışıram“ - Psixoloqla müsahibə

ÖLKƏ
22:43 / 06.04.2022
1366

Hər dövr üçün aktuallığını itirməyən sahələr mövcuddur. Bunlardan biri də psixologiya hesab olunur.  Ziqmunt Freyd, Karl Qustav Yunq, William James və digərləri Psixologiyanın nəhəngləri hesab olunur.

MediaBaku.az saytı psixoloq, enerji tetapevti, art terapevt Zümrüd xanım Əsədova ilə psixologiya və kouçluq sənəti haqqında danışıb. 

- Zümrüd xanım, bu sahəni seçməyinizdə az da olsa, peşmançılığınız olubmu? 

- Xeyr, ümumiyyətlə heç bir peşmançılığım yoxdur, əksinə, çox şadam ki, bu sahəni seçmişəm. Çünki, mən bu sahəni seçdikdən sonra həm özümə, həm də başqalarına yetəri qədər faydam toxunub.

- İnsanlar sizə daha çox hansı problemlərlə bağlı müraciət edirlər? 

- Mən eyni zamanda enerji terapiyası ilə məşğul olduğum üçün insanlar öz enerjisini artırmaq, öz aurasını təmiz saxlamaq, öz enerjisini idarə etmək, bədənini başa düşmək, sağlamlıq mövzusunda daha çox təbii ki, müraciət edirlər və eyni zamanda məqsədlərin qoyulması və məqsədlərə çatmaq üçün. Amma, bu daha çox kouçinq hissəsinə keçir. 

- Hansı prinsiplər əsasında işləyirsiz? 

- Mənim ən çox dəyər verdiyim insanın öz daxili aləmidir. Mən çox şey bilə bilərəm, nəyisə oxuya bilərəm, amma o insanın öz daxili reallığı var, öz daxili həqiqətləri və dəyərləri var. Mən çalışıram qarşımdakı insanın dəyərlərinə əsasən ona kömək edim və öz daxilindəki o həqiqəti tapmasına köməkçi olum. 

- Zümrüd xanımın bir psixoloq olaraq hədəfləri nədən ibarətdir? 

- Əgər şəxsi hədəflərimdən söhbət gedirsə, mən insanların öz bədənlərini daha yaxşı anlamaqlarına çalışıram. Yəni, belə deyək ki, hər bir dildən digər dilə tərcüməçi lazım olduğu kimi psixologiyada da, buna ehtiyac var. Bizim bədənimiz daimi olaraq bizə nələrisə deyir, amma bu məlumatı bizə tərcümə edən yoxdur. Məsələn, qolun ağrıyırsa, niyə ağrıyır? Bu bədən dilini tərcümə eləmək üçün insanın özünün yetəri qədər biliyi olmalıdır. Ona görə çalışıram ki, bunu sadəcə olaraq psixosomatika ilə məşğul olan psixoloqlar yox, insanlar özləri də başa düşsün və sırf bədənə yönəlik terapiyam olan rəqs terapiyamı ona sərf etmişəm ki, insanlar özlərini və bədənlərini daha yaxşı anlaya bilsinlər. 

- Heç bir təhsili olmayan, kurs sayəsində psixoloq olan şəxslərə sözünüz və ya tövsiyəniz nə olardı? 

- Başqalarına tövsiyyə verməsinlər! Qəti şəkildə!  Çünki, onların təcrübəsi buna kifayət etməyəcək və biliyi buna kifayət etməyəcək. Ona görə də, maksimal dərəcədə insanlarla söhbət etmək, onları tanımaq və sual vermək. Nə qədər çox sual verəcəksə bir o qədər biliyə malik olacaq və onun nəticəsində daha çox insanlara faydası dəyə bilər. 

- Kouçluq sənətinin etik dəyərləri nədir? 

- Ümumiyətlə, kouçluğun əsası suallar üzərində qurulub. Yəni, heç bir şəkildə sual kənarında məsləhət verilməməlidir. Maksimal dərəcədə sualla lazım olan hədəfə çatmaq lazımdır.  Biz motivasiyanı necə oyada bilərik insanda? Məsləhtlə deyil. Çünki ətrafda hər kəs məsləhət verir. Amma sual verdikdə, biz həqiqtimizi tapırıq və öz motivasiyamıza gedib çıxa bilirik. Eyni zamanda, bizim ona hazırlayıb verdiyimiz hədəflə , onun daxili resursunun yaratdığı hədəfdə çox böyük fərq var. Onun üçün də, sırf onun enerjisinə, resursuna, şüuruna uyğun olan hədəflərə asanlıqla gedib çıxa bilir. Kouçun məqsədi sırf bunu müəyyənləşdirməkdir. 

- Kim bir Kouçla işləməlidir? 

- Hədəfinə çatmaq istəyən insan. Əzab çəkən insan deyil, ağrı çəkən insan deyil, depressiyada olan insan deyil, çünki onlar daha çox psixoloqla işləməlidirlər. Yaralarını sağaltmalıdırlar, psixikalarını normal vəziyyətə gətirib çıxarmalıdırlar. Sağlam psixika ilə artıq hədəfə doğru getdikdə kouç lazımdır. 

- Kouçluq və digər metodlar arasında hansı fərqlər var? 

- Elə indicə onu izah elədim. Kouçing insanı qabağa aparmaq üçündür. Psixologiya isə, onun qabağa getməyə qoymayan yaralarını sağaltmaq üçündür. Yəni, qısa bir cümlədə yalnız belə izah etmək olar. Çünki insan nə qədər qabağa getmək istəsə də, əgər onun yaraları varsa,onun fikri həmişə yaralarında qalacaq. Ən azından onu incidən  yaraların ağrısını azalda bilsə, onu kouç qabağa apara bilər. Ancaq, kouç nə qədər işləsə də, bu insanın psixoloji və emosional vəziyyəti taraz deyilsə, o onu qabağa itələyə bilməyəcək. İtələsə belə, bu müvəqqəti olacaq və yenidən onu oyatmaq lazım gələcək.

1