Əzələ ağrılarına səbəb nədir? - Həkim rəyi

SAĞLAMLIQ
11:21 / 10.10.2024
284

"İnsanlarda çox müxtəlif səbəblərə görə əzələ ağrıları ola bilər". 

Bu sözləri tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında deyib.

O, əzələ ağrılarının səbəblərindən bəhs edib:

"Məsələn, soyuqdəymə nəticəsində əzələlərdə iltihabı prosesi yarana bilər. Həmçinin, bu zaman əzələlərdə qan durğunluğu da olur. Bu da öz növbəsində əzələ ağrılarına səbəb ola bilir. Eyni zamanda, sinir xəstəliklərinin də əzələ ağrılarına səbəb olması mümkündür".

Həkim qeyd edib ki, travmalar nəticəsində də əzələlərdə ağrılar yarana bilər:

"Hətta bəzən travma nəticəsində əzələlərdə yırtıq və başqa ağır hallar da meydana gələ bilir. Belə hallarda mütləq şəkildə həkimə müraciət etmək lazımdır. Çünki bəzən problemi aradan qaldırmaq üçün cərrahi müdaxiləyə belə ehtiyac yaranır". 

359873

Rasif Bağırov əzələ ağrılarının bəzi xəstəliklərin əlaməti ola biləcəyini də diqqətə çatdırıb:

"Sistem xəstəlikləri nəticəsində də əzələ ağrıları ola bilir. Bəzən də əzələ ağrılarının sistem xəstəliklərinin simptomu olması mümkündür. Ona görə də əzələ ağrısı yaşayanların həkimə müraciət etmələri tövsiyə olunur. Çünki əzələ ağrısı simptom olacağı təqdirdə, həkim bundan istifadə edib sistem xəstəliyinə diaqnoz qoyub, onu müalicə edə bilər". 

Mütəxəssis sözlərini belə yekunlaşdırıb:

"Müəyyən mineralların çatışmaması nəticəsində əzələlərdə dartınma, yığılma, qıcolma kimi müəyyən ağrılar da ola bilər. Bir çox hallarda əzələlərdə zədələnmə olduğu üçün də ağrının baş vermə ehtimalı var. 

Bəzən də əzələdə hematomalar əmələ gəlir. Yəni xəstələrdə belə hallar müşahidə oluna bilir. Ona görə də əzələ ağrıları müalicə edib aradan qaldırmaq üçün mütləq şəkildə həkimə müraciət etmək lazımdır".

Pərviz

0