Universitetlərimiz işğaldan azad olunmuş ərazilərə köçürülə bilər?

ÖLKƏ
21:37 / 09.10.2023
295

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Bakıda ilk dəfə keçirilən tibb təhsili üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib ki, hazırda azad edilən ərazidə Qarabağ Universitetinin böyük konsepti hazırlanır.

Azad olunmuş ərazilərimizi canlandırmaq, həm Bakıda sıxlığın qarşısını almaq, həm də həmin ərazilərin potensialını artırmaq üçün paytaxtdakı universitetlər Qarabağa köçürülə bilərmi?

Valyuta.az bunu təhsil eksperti Elmin Nuri ilə müzakirə edib.

Elmin Nuri bildirib ki, Qarabağ və ya Azərbaycanın digər bölgələri fərq etmədən, Bakıdakı universitetlərin bir çoxunun təcili sürətdə köçürülməsi vacibdir:

"Uzun illərdir ki, bu məsələ bir neçə dəfə səsləndirilib, ictimai xadimlər, təhsil və elm adamları bunu gündəmə gətirib, amma söz olaraq qalıb. Bununla bağlı heç bir əməli addımlar atılmayıb. Sevincidirici haldır ki, sadəcə bir neçə ali təhsil müəsisəmiz şəhər kənarı əraizlərə köçürülüb”. 

Ekspert deyib ki, universitetlərin köçürüldüyü ərazilərdə canlanma ilə yanaşı, onların kampus göstəriciləri də kifayət qədər artıb:

"Dünya reytinq sıralamalarında, ümumiyyətlə universitetləri qiymətləndirən beynəlxalq şəbəkələrdə kampus amilinə çox böyük önəm verirlər. Biz elə bilirik ki, Bakıdakı universitetlərin rayonlara və Bakıətrafı ətrafı ərazilərə köçürülməsi yalnız tıxacın qarşısını almağa görədir. Xeyr, bu bəlkə də köçürülmə səbəblərindən 5-6-cısı ola bilər”.

Elmin Nuri qeyd edib ki, əksər böyük universitetlərimiz tələbə sıxlığından əziyyət çəkir:

"Birinci məsələ isə universitet daxilində tədris keyfiyyətinin inkişafı üçün bu göstəricinin vacib olmasıdır. Bu gün universitetlərdə yer tapılmır. Tələbələr üçün auditoriyalar bir o qədər də əlverişli deyil. Auditoriyaların da həcmi kiçikdir. Bunlar çox ciddi faktorlardır. Tələbə gündəlik minimum 4 saatını, bəzən 5-6 saatını universitetdə keçirir. Biz bir mühitdə 10 dəqiqə qalanda bu vaxtın təsirini hiss edirik, o ki qaldı, 4-5 saatın. Bu məsələyə həmişə dırnaqarası yanaşmışıq. O qədər başqa problemlərlə məşğul olmuşuq ki, bu problemi görməmişik. Amma dünyanın başqa standartları, keyfiyyət meyarları, müəyyən şərtləri var. Məsələn, tədqiqat işi aparan professor üçün mütləq ayrı otaq lazımdır. Sıravi müəllim heyəti üçün hər otaqda 3 müəllimdən artıq olmaz. Bizim balaca bir kafedrada isə 20-25 müəllim oturur. ABŞ-da bir otaqda üç müəllimdən artıq otura bilməz. Beynəlxalq standartlara görə auditiroiyada havanın tempraturu 20-23 dərcə arasında olmalıdır. Dar auditoriya, bir patokda da 70 tələbə olarsa, otaqdakı havanı beynəlxalq göstəricilərə uyğun saxlamaq olarmı? Ona görə də bu göstəricilərə görə bizim univerisitetlər köçürülməlidir. Qarabağın gözəl təbiəti, geniş ərazisi var. Ona görə də universitetlərin bura köçürülməsi hərtərfli yaxşı amildir. Həm tədris keyfiyyəti, həm beynəlxalq standartların cavablandırılması, həm iqtisadi cəhətdən və ən nəhayət paytaxtın boşaldıması üçün bu uğurlu addım olacaq".

0