Göbələyin zəhərli olduğunu necə bilək? - Mütəxəssis AÇIQLADI 

ÖLKƏ
16:05 / 06.11.2023
805

"Göbələklər həm yeməli, həm də zəhərli olurlar. Bəzən insanlar onları rənginə görə ayrıd etdiklərini düşünürlər. Lakin rəng onların zəhərli və ya yeməli olduğunun dəqiq göstəricisi ola bilməz".

Bu sözləri sağlam qidalanma mütəxəssisi, Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova HİT.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda göbələklərin 40 mindən çox növü var:

"Bunların əksəriyyəti də zəhərli göbələklərdi. Zəhərsiz göbələk çeşidi isə çox azdır. Onu da peşəkarlar daha yaxşı tanıya bilirlər. Hətta yeməli göbələkdən belə zəhərlənənlərin sayı kifayət qədərdir. Burada birinci məqam insanların göbələyin tərkibindəki maddələrə qarşı həssaslığı və allergiya ola bilər. Həmçinin, göbələyin düzgün şəkildə bişirilməməsi də zəhərlənməyə gətirib çıxarır. Ona görə bir yerdən göbələk topladıqda və ya aldıqda mütləq şəkildə diqqət etmək lazımdır. 

Zəhərsiz göbələklərlə aid olan şampinyonu isə insanlar özləri də meşələrə getdikdə yığıb istifadə edə bilərlər. Ancaq risk faktoru hər zaman qalır. Bu səbəbdən də tanımadan topladıqda mütləq şəkildə diqqət etməlidirlər. Eyni zamanda, göbələyi bişirərkən də sanitar və gigiyenik qaydalara əməl olunmalıdır. Göbələk təmizlənməli, yaxşıca yuyulmalıdır və tam bişməlidir".

Mütəxəssis diqqətə çatdırıb ki, digər məhsullarla açıq şəkildə yan-yana saxlanılan göbələklər alınmamalıdır:


"Həmçinin, göbələk rütubətli və nəmişlik çox olan yerdə olmamalıdır. Daha çox kağız paketlərdə olması sağlam saxlanılmasına səbəb olur. Hətta göbələk yığıldıqdan sonra 5-6 gün kağız paketlər içində qala bilər. 

Ümumiyyətlə, göbələyi bişirdikdən sonra təkrar isitmək olmaz. Sadəcə istehlak ediləcəyi qədər bişirilməsi tövsiyə olunur. Çünki bişirildikdən sonra otaq temperaturunda saxlanılmasa belə həmin göbələyin tərkibində bir çox mikrobioloji dəyişikliklər əmələ gəlir. Bu da bakteriyaların və mikroorqanizmlərin çoxalmasına səbəb olur. Bunlar isə insan orqanizmində zəhərlənməyə gətirib çıxarır".

Ekspert göbələkdən zəhərlənmənin əlamətlərindən də söz açıb:

"Göbələk zəhərlənmələrin əsas əlamətləri isə ürək bulanması, göz bəbəklərinin böyüməsi, gözdə qaralma, mərkəzi sinir sisteminin funksiyasını müvəqqəti olaraq itirməsi, qusma və ishaldır. Belə əlamətlərdən hər hansısa birini hiss etdikdə dərhal həkimə müraciət etmək lazımdır. Eyni zamanda, həmin an çox miqdarda maye qəbul edərək qusmanı təmin etmək lazımdır".

Məhsəti Hüseynova qeyd edib ki, göbələk alarkən diqqətli olmaq lazımdır:
"Zəhərli göbələklərin qeyri-peşəkar insanlar tərəfindən yığılıb satılması bir çox insanların həyatlarını itirməsinə belə səbəb olur. Mütləq şəkildə buna da diqqət etmək lazımdır. Mənşəyi bəlli olmayan yerdən və uyğun şəkildə satılmayan göbələklərdən almaq məsləhət deyil. Göbələk sərin və quru yerdə saxlanılmalıdır. 

Qablaşdırılmasında mütləq şəkildə istehsalçı və ya satan müəssisənin adı, habelə son istifadə müddəti göstərilməlidir. Bütün məlumatlar dəqiq şəkildə qeyd olunmalıdır ki, hər hansısa xoşagəlməz hal olduqda müraciət etmək mümkün olsun".

Pərviz

0