Məktəblərin uşaq psixoloqları öz işlərini niyə düzgün görmür?

ÖLKƏ
13:06 / 16.02.2024
270

Bu günlərdə sosial şəbəkələrdə iki jurnalist həmkarımız uşaqlarının məktəbdə müəllimlər və sinif yoldaşları tərəfindən psixoloji təzyiqə məruz qaldığını yazmışdılar.

Beynəlxalq təcrübəyə əsasən, orta məktəblərdə bu kimi halları şagirdlər məktəbdə fəaliyyət göstərən psixoloqların yardımı ilə aradan qaldırmalıdırlar.

Bəs bizdə vəziyyət necədir?

Təəsüf ki, Azərbaycanda orta məktəblərdə fəaliyyət göstərən psixoloqların bir çoxu əsl peşəkarlar deyillər.

Çox zaman dərs saatları olmayan müəllimlərə bu iş həvalə olunur. Söz yox, müəllim az  və ya çox dərəcədə uşaq psixologiyasından xəbərdar olmalıdır.

Amma təəssüf ki,  bu həmişə belə olmur.

Bu gün müəllimin başını  yazı pozub, imtahan, attestasiya işlərinə o qədər qatıblar ki, onun  uşaq təlim tərbiyəsi ilə məşğul olmağa zamanı qalmır. O sadəcə dərsini deyir.

Bir neçə il öncə 59 saylı məktəbdə psixoloji problemləri olan bir müəllimə dərs deyirdi. Demək olar ki hər gün uşaqlar və valideynlər müəllimin qəribə xarakterindən, kobudluğundan şikayət edirdilər. Direktor isə, “o tənha qadındır. Çölə ata bilmərəm” deyirdi.

Ruhi xəstə olan müəllimə məktəb üçün yaramır. Yazığın gəlir, göndər kitabxanada başı sakit halda işləsin. İbtidai sinif uşaqlarının arasında onun nə işi var? 

Özü kimi travmalı uşaqlar yetişdirsin?

Müasir Azərbaycan psixoloqları İctimai Birliyinin üzvü, psixoloq  Nadir Qulamov Hit.az-a bildirib ki, insan psixologiyası əslində çox dərin elmdir.

“Psixologiya ilə möəşğul olmaq üçün elmlə yanaşı insana xüsusi təcrübə tələb olunur. Xüsusilə söhbət orta məktəblərdə işləməkdən gedirsə, burda mütəxəssis xüsusi qayğı ilə seçilməlidir. O vaxtında məktəbdə qəribə davranışları olan şagirdləri ayırd etməli, ailə münaqişəsi olan uşaqlara xüsusi diqqətlə yanaşmalıdır. Əsasən  4 istiqamətdə- profilaktika, konsultativ, diaqnostika və korreksiya işi  aparılmalıdır. Yeri gəldikdə müəllimlərə də psixoloji yardım göstərilməlidir. Bu da çox vacib amildir. Problemi olan müəllim  keyfiyyətli dərs deyə bilməz. Pedaqoji kollektiv  daim nəzarətdə saxlanmalıdır. Müəllim də şagirdə təzyiq göstərib onu müxtəlif əməllərə şövq edə bilər.

Belə olmur deyə məktəblilər arasında intihar, bıçaqlaşam, narkomaniyaya meyl kimi hallara rast gəlirik. Uşaq xəstə deyil, o mütləq ətraf mühitdən, böyüklərdən təsirlənir”,- deyə psixoloq bildirib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqogika və psixologiya fakültəsini bitirən mütəxəssislərin bir çoxu bu gün sosial şəbəkələrdə özlərini peşəkar psixoloq, ailə koçu, yaşam koçu kimi təqdim edib pul qazanırlar. Halbuki bunlar psixologiyanın fərqli-fərqli qollarıdır. Ehtiyatlı olun ki, həyatınızı yanlış məsləhətlərlə kor etməyəsiniz.
Çünki ağası gülüm olanın...

Murad

0