Həddindən çox su içmək xəstəlikdir? - Şəkərsiz şəkər nə deməkdir?

ÖLKƏ
17:59 / 16.02.2024
282

İzləyicimiz Rəvanə Nəsirova övladının səhhətində yaranmış bir problemlə bağlı Hit.az redaksiyasına müraciət edib.

“Oğlum uşaqlıqdan bəri həddən çox su içir. İllər boyu buna əhəmiyyət vermədik. Əvvəlcə bir neçə uşaq həkiminə müraciət etdik, onlar problem olmadığını dedilər. Lakin  zaman keçib, oğlum böyüdükcə içdiyi suyun miqdarı çox yüksək səviyyəyə qalxdı. Günə 8 litr su içir. Bu günlərdə bir neçə özəl xəstəxanada hər tərəfli yoxlatsaq da, yenə tam səbəbini açıqlaya bilmirlər. Şəkərli diabet tapa bilmədilər. Deyirlər şəkərsiz diabet olma ehtimalı var. 

Bu necə bir xəstəlikdir?”

Rəvanə Nəsirovanın sualı ilə endokrinoloq həkim Lamiyə Şahlarova müraciət etdik.

Həkim həddindən artıq çox su içən uşaqların valideynlərini diqqətli olmağa çağırdı.

Şəkərsiz diabet nadir xəstəlik hesab olunur. 5 xəstədən birində bu neyrocərrahi əməliyyatın ağırlaşması nəticəsində üzə çıxıb.

Şəkərsiz diabet antidiuretik hormon çatlışmazlığı və ya böyrək toxumasının ona həssaslığının azalması ilə yaranan xəstəlikdir. Şəkərsiz diabet zamanı çox miqdarda sidiyin ifraz olunması nəticəsində idarə olunmayan susuzluq və orqanizmin ümumi susuzluğu yaranır. 
İki növü var- mərkəzi və böyrək  forma şəkərsiz diabet. Mərkəzi forma şəkərsiz diabet zamanı pozğunluq hipotalamus və ya hipofizdə şiş səviyyəsində, böyrək formasında isə böyrək kanalının reseptorları tərəfindən həssaslığın azalması şəklində özünü göstərir. Yəni uşaq su içsə də, böyrəyə içib doymasına dair siqnal getmir. Mərkəzi tipli diabet irsidir. Sakitləşməyən susuzluq hissi və sutkada 3 litrdən çox sidik ifrazı varsa uşaqlarda bu xəstəlikdən şübhələnmək olar”,- deyə həkim qeyd edib.

O xəstəliyin müalicə olunması barədə qısa məlumat verərək bildirib ki,  xəstəliyin yaranması şiş ilə bağlı olanda müalicə cərrahi yolla aparılır. Dərman müalicəsi də var.

 “Əvəzedici hormon müalicəsi düzgün təyin olunduqda xəstənin əmək qabiliyyəti pozulmur.
Böyrəyə çox yük salmayan  qidaları qəbul etmək, zülallı maddələri azaltmaq, meyvə-tərəvəzi çoxaltmaq lazımdır. Müvafiq müalicə zamanı həyati təhlükəsi olmur. Sağalma şişin uğurlu çıxarılması ilə baş verə bilər. İrsi şəkərsiz diabet ömürlükdür. Əvəzedici hormon müalicəsi düzgün təyin olunduqda əmək qabiliyyəti pozulmur”,- deyə o bildirib.

Murad

0