Azərbaycanda məmur həbsləri davam edəcək

17:30 / 27.06.2020
1267

Koronavirus infeksiyasına yoluxma halının artdığı bir vaxtda hökumət pandemiyaya qarşı mübarizə ilə paralel olaraq anti-korrupsiya əməliyyatlarını da davam etdirir. Əgər bundan əvvəlki əməliyyatları Dövlət Təhlükəsizlik Xidməti keçirirdisə, indi estafet Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə verilib.

Yenisabah.az xatırladır ki, son 5 gündə idarə Abşeron Rayon İcra Hakimiyyətində, Dövlət Gömrük Komitəsində və Şirvan Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyatlar nəticəsində Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev, Mənzil Kommunal Təsərrüfat Birliyinin 3 saylı Mənizl İstismar İstehsalat təmis sahəsinin müdiri Murad Əhmədov, DGK -nın Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi Ceyhun Babayev və Şirvan Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı idarəsinin müdiri Əyyub Gülməmmədov cinayət başında yaxalanıb.

Bu əməliyyatlar yenidən diqqəti yerli və mərkəzi icra hakimiyyətlərindəki qanunsuz əməllərə yönəldib.

Eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin artıq işlək struktura çevrildiyi müsbət qarşılanıb. Əslində Kamran Əliyevin Baş prokuror təyinatından sonra anti-korrupsiya əməliyyatlarını Baş Prokurorluğun davam etdirəcəyi gözlənilən idi. Hələ ilk günlərdən bildirilirdi ki, Kamran Əliyev sələfi Zakir Qaralovun dövründə ciddi zərbə almış və cəmiyyətdə etimadını demək olar ki, itimiş prokurorluq orqanlarının nüfuzunu qaldırmaq üçün müəyyən addımlar atacaq. Gözləntilər özünü doğrultmaqdadır. Güman edilir ki, prokurorluğun anti-korrupsiya əməliyyatları bundan sonra da davam edəcək. Bu əməliyyatların nəticəsi olaraq daha iri çəkili məmurların həbs olunacağı da ehtimallar sırasındadır.

Ölkə başçısı İlham Əliyev demək olar ki, hər çıxışında rüşvət və korrupsiyaya, məmur özbaşınalığına toxunur. Bu isə o deməkdir ki, islahatlar çərçivəsində başlanan sərt cəza tədbirləri yekunlaşmayacaq. Sadəcə pandemiya dövründə əsas diqqət bəşəri bəlaya yönəldiyindən proses bir qədər ləngiyə bilər. Yaxın vaxtlarda DTX-nın da hərəkətə keçəcəyi güman edilir. Narazalığın artdığı, məmurların isə xəbərdarlıqlara məhəl qoymaması hökumətin bütün gücünü bu məsələyə səfərbər etməsi zərurəti yaradıb. Nəzərə almaq lazımdır ki, indiki həssas dönəmdə hansısa məmurun özbaşınalığı, vətəndaşları incitməsi sosial partlayışa səbəb ola bilər. İqtidar ideoloqları da bunun fərqində olduğu üçün neqativ hallara qarşı mübarizəni bir qədər də gücləndirmək niyyətindədir.

Beləliklə, artıq köhnə idarəetmə, köhnə qaydalar işləməyəcək. Yeni dövrün tələblərinə uyğunlaşmayan, yaxud uyğunlaşmaq istəməyən məmurla müxtəlif formalarda cəzalandıralacaq.

0