Həkimlər arasında koronavirusa yoluxma halları artır - Çıxış yolu nədir?

ÖLKƏ
10:12 / 09.07.2020
898

Ölkədə koronavirusla bağlı vəziyyətin ən arzuolunmaz tərəfi odur ki, yoluxanlar arasında həkimlərin, tibb işçilərinin də sayı artmaqdadır. Belə ki, artıq Azərbaycan Tibb Universitetinin pandemiyaya qarşı mübarizə aparan iki klinikasında ümumilikdə 57 nəfər tibb işçisi koronavirusa yoluxub. Yoluxmaların həkimlər arasında sürətlə artması səbəbindən artıq bir çox xəstəxanalarda həkim çatışmazlığı müşahidə olunur və bir neçə tibb müəssisəsi tibbi personal üçün vakansiya elan edib.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova mətbuata açıqlamasında bildirib ki, Tədris Cərrahiyyə Klinikasında ümumilikdə 33 nəfər tibbi personal virusa yoluxub, onların 8-i həkim və həkim-rezidentdir. Qalanları tibbi personaldır. Tibb bacıları, texniki və sanitar işçilər var. Tədris Terapevtik Klinikasında isə virusa yoluxmuş 24 tibbi personaldan 3-ü həkim, digərləri isə tibb işçiləridir.

G.Aslanova əlavə edib ki, ilk gündən bizdə növbəli sistem qurulduğu üçün hazırda həkim bazası  var: “Tibb Universiteti olduğundan həkimimiz də çoxdur. Hələ ki həkim çatışmazlığı yaşanmayıb. Ümid edirik ki, həkimlərimiz tezliklə sağlığına qovuşar. Yoluxanlardan çoxu reanimasiya şöbəsinin həkimləridir və bu hal bizə çətinlik yaradır”.

Qeyd edək ki, bundan əlavə, yaxın günlərdə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının 12 əməkdaşında koronavirusa yoluxma halları aşkar edilib. Xəstəxananın baş həkimi Rauf Sadıxovun sözlərinə görə, koronavirusa yoluxmuş tibb işçiləri xəstəxananın müxtəlif şöbələrində çalışırlar.

Həkimlər arasında yoluxma hallarının artması həm də növbəti mərhələdə kadr çatışmazlığı ilə bağlı problem yarada bilər.

“Yeni Müsavat”a danışan tanınmış həkim Vasif İsmayıl bildirdi ki, həkimlərin yoluxmaması üçün onları qorumaq və qoruyucu vasitələrlə təmin etmək lazımdır: “Bu məsələdə ölkəmizdə elə bir problem yoxdur. İkincisi, həkimlərin növbəli iş prinsipini təmin etmək və onların istirahəti üçün  də şərait yaratmaq lazımdır. Bu da qismən təmin olunub. Amma təəssüf ki, bütün tibbi xidmət sahələrində çalışan həkimlər üçün bunu təmin etmək alınmır. Sadə həkimlər üçün  növbəlilik təmin olunub. Ancaq reanimasiyada, xüsusi aparatların istifadə olunduğu şöbələrdə bunu təmin etmək alımır. Həkimlərin sürətlə yoluxmasının arxasında duran səbəblərdən biri də budur. Reanimasiyada xidmət edən həkim sayını artıra bilməmişik.  Bu sahədə çalışacaq yeni tibb işçilərinin hazırlanması üçün təlimlər davam etdirilir. Ancaq insanı nə qədər çox öyrətsən belə, onu tam peşəkar səviyyəyə gətirmək zaman tələb edir”.

Tibb elmləri doktoru Adil Qeybulla isə bildirdi ki, vəziyyət onsuz da pisdir, bir tərəfdən də həkim çatışmazlığı var: “Çünki həkim sayı bu situasiyalara hesablanmayıb. Dünyanın bir çox ölkələrində həkim çatışmazlığı ciddu problemlərə səbəb oldu. Hazırda ölkəmizdə də bu vəziyyət yaranıb. Həm də peşə faəliyyəti ilə bağlı dünyasını dəyişən həkimlərin sayı artır.  Hazırda COVİD-19 xəstələrini müalicə edən həkimlər çox ağır şəraitdə çalışırlar, onların bəziləri aylardır ki, evlərinə getmirlər”.

Professorun sözlərinə görə, həkimlərin müdafiəsi istiqamətində əməli tədbirlər görülməlidir: “İnsanlar da bu durumu başa düşməlidirlər. İndi, əksinə, həkimləri qınayanlar artır, hər kəs onların Hippokrat andı içdiyindən bəhs edir. Ancaq burada söhbət anddan yox, insanların sağlamlığının qorunmasından və həkimlərin bu işə cəlb olunmasından gedir. İstər ambulator, istər stasionar müalicəyə cəlb olunan həkimlərin sosial müdafiəsi təmin olunmalıdır. Həkimlərin növbəliliyi ardıcıl olaraq təmin edilməlidir. Bir adamın üzərinə həddindən artıq yük düşməməlidir”.

A.Qeybulla vurğuladı ki, yoluxanların əksəriyyəti A zonasında çalışan həkimlərdir: “Onlar aylardır evlərindən uzaqda, ailə-uşaqlarından xəbərsiz vəziyyətdədirlər. Belə bir təhlükə ilə üz-üzədirlər. Ölkədə bu qədər reanimatoloq, pulmonoloq, infeksionist ehtiyatı yoxdur. Çox güman ki, növbəti mərhələdə tibb təhsili alan tələbələr də daxil olmaqla, bütün tibb işçiləri bu prosesə cəlb olunacaq. Ölkədə 100 min nəfər yoluxubsa, onların müalicəsinə ən azı 10 min həkim cəlb olunmalıdır. Proses həddindən artıq çətindir. Xəstələnən həkimlərin özünə də həkim nəzarəti, qulluq lazımdır”.

0
musavat.com