Azərbaycanda narkoman özünü necə həbs etdirdi? - İlginc plan

ÖLKƏ
18:22 / 28.10.2022
618

Siyəzəndə silahla tutulmuş 1992-ci il təvəllüdlü şəhər sakini Nurlan Qurabanovun məhkəmədə ifadəsi hakimi təəccübləndirib. 

Qaynarinfo-nun məlumatına görə, Nurlan Qurabanov ifadəsində göstərib ki, narkotik istifadəçisi olduğu üçün özü dəfələrlə Polis İdarəsinə gedərək həbs olunmasını istəyib.

O, narkotik aludəçisi olub, buna görə iki dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilib. Sonuncu dəfə 4 noyabr 2020-ci il tarixində həbsdən azad olunduqdan sonra 4 ay narkotikdən istifadə etməsə də, yenidən istifadə etməyə başlayıb.

Narkotikdən uzaqlaşa bilməyib və müalicə almağa maddi imkanı olmayıb. Bu ilin aprel ayının əvvəllərində narkotikdən uzaqlaşmaq üçün özünü həbsə göndərmək qərarına gəlib. Lakin iki dəfə narkotiklə məhkum olunduğu və məhkumluğu ödənilmədiyi üçün bu dəfə başqa əməllə, yəni silahla məhkum olunmaq barədə düşünüb.

Qardaşları Kamil və Orxan Qurbanovlara, həmçinin anasına silah götürüb, həbsə getmək istədiyini bildirib. Onun narkotik aludəçiliyini nəzərə alan ailə üzvləri buna etiraz etməyib.

20 aprel 2022-ci il tarixdə, Siyəzən Rayon Polis Şöbəsinə gedərək üzərində silah olduğunu bildirib. Şöbədə müvafiq sənədləşmə işləri aparılıb və təqdim edilmiş sənədlərə könüllü şəkildə imza atıb.

Nurlan Qurabanov özünü təqsirli bilsə də, reallığın belə olduğunu deyib və hakimdən yüngül cəza verilməsini xahiş edib.

Amma məhkəmə onun xahişini nəzərə almayıb. Belə ki, Nurlan Qurbanov Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 il 3 ay azadlıqdan məhrum edilib.

0