Həm sülhdən danışan, həm təxribat törədən Paşinyan...

SİYASƏT
09:57 / 30.09.2024
251

"Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl Bakıda keçiriləcək COP29 tədbirinə qədər Azərbaycanla sülh müqaviləsi imzalaya biləcəklərini dedi. Lakin son günlərdə Ermənistan tərəfindən atəşkəsin pozulmağa davam etməsi ziddiyyətli bir vəziyyət yaradır". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyan sadəcə beynəlxalq arenada Ermənistanı daha konstruktiv tərəf kimi göstərməyə cəhd edir:

"O, sülhə nail olmaq niyyətində olduğunu bəyan etməklə Ermənistanın münaqişəni həll etməyə çalışdığı görüntüsünü formalaşdırmaq istəyir. Bununla da beynəlxalq ictimaiyyətin dəstəyini almaq və ölkəsinə qarşı təzyiqləri azaltmağı hədəfləyir. 

359105

Üstəlik, Ermənistan daxilindəki daxili siyasi vəziyyət də bu ziddiyyətli addımları izah edə bilər. Paşinyan bir tərəfdən sülh danışıqlarında irəliləyiş göstərməyə çalışsa da, ordudakı və ya siyasi rəqibləri arasındakı bəzi qruplar hələ də hərbi müstəvidə aktivliyi davam etdirmək istəyirlər. Ona görə də düşünürəm ki, bu təxribatlar Paşinyanın sülh prosesinə qarşı daxili müqavimətini zəiflətmək və ya ona təzyiq etmək məqsədilə həyata keçirilir". 

Ekspertin sözlərinə görə, Paşinyan regiondakı böyük güclərin - xüsusilə də Rusiya, İran və Qərbin təzyiqləri arasında tarazlığı qorumağa çalışır:

"Ermənistan hər iki tərəfə sülh istəklərini bəyan edir, lakin müəyyən təxribatlarla bölgədəki hərbi vəziyyəti gərgin saxlamaqla bu güclərin dəstəyini qazanmağa çalışır. Yəni Paşinyanın niyyəti həm daxili auditoriyaya, həm də xarici güclərə oynamaqdır. 

Əslində, Paşinyan balanslı bir siyasət yürütməyə çalışır, lakin bu balansı saxlamaq Ermənistan-Azərbaycan münasibətlərində davamlı gərginliyə səbəb olur". 

Politoloq sözlərini belə yekunlaşdırıb:

"Bu ziddiyyətlərin arxasında Paşinyanın daxili və xarici siyasətindəki çoxyönlü strategiyası da dayanır. Azərbaycan isə mövcud vəziyyəti izləyərək Ermənistanın istənilən təxribatının qarşısını almağa hazırdır". 

Pərviz

0