Xəzərin suyu neçəyə satılacaq? - Duzsuzlaşdırılmış su ilə bağlı möhtəşəm layihə

İQTİSADİYYAT
09:34 / 18.04.2023
605

Azərbaycanda su qıtlığının qarşısını almaq məqsədiə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihə icra olunacaq. Bununla bağlı dövlət başçısı İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Həyata keçiriləcək layihə içməli su məqsədilə dəniz suyunu şirinləşdirməyə imkan yaradacaq.

Bu layihənin icrası ilə bağlı bəzi suallar maraq doğurur. Şirinləşdirilmiş dəniz suyunu içmək mümkün olacaqmı? Qiyməti nə qədər olacaq? Bu sudan istifadə insan sağlamlığı üçün təhlükə təşkil etməyəcək?

Bu suallara cavab tapmaq üçün Xəzər Universitetinin professoru, ətraf mühit üzrə ekspert Rövşən Abbasova müraciət etdik. Ekspert BAKU.WS-ə açıqlamasında bildirib ki, dəniz suyunun duzsuzlaşdırılması iki texnologiya əsasında reallaşır.

"Birinci üsul zamanı su yüksək təzyiq altında membrandan keçirilir. Həmin proses zamanı su membrandan keçdiyi halda duzlar orada qalır və nəticədə su duzsuzlaşır və ya şirinləşir. Bu, dünyada ən geniş yayılmış və müasir texnologiyalardan biridir.

Digər üsul günəş işığının bol olduğu ərazilərdə istifadə olunur. Günəş enerjisi vasitəsilə su buxarlandırılır və distillə edilir. Bu proses zamanı da su buxarlandığı təqdirdə, duz yerində qalır. Su molekulları buxarlandıqdan sonra kondensasiyadan keçərək yenidən mayeyə çevrilir. Bu metod çox geniş yayılmayıb, çünki onu tətbiq etmək üçün çoxlu enerji lazımdır. Ərazidə günəş panelləri çox olarsa, bunu tətbiq etmək daha münasib olur. Bu üsul zamanı filtr olmadığı üçün daha məqsədəuyğun hesab edilir".

Professor əlavə edib ki, dəniz suyunun duzsuzlaşdırılmasından dünyanın bir çox ölkəsində istifadə edilir: "ABŞ, İspaniya, Səudiyyə Ərəbistanı, İsrail, Qətər və Almaniyada belə tətbiq olunur. Almaniya su ehtiyatları ilə bol olmasına rəğmən bu texnologiyadan istifadə edir. Bu texnologiyadan bütün dəniz sahili ölkələri yararlanır. 

Qiymətinə görə bu adi sudan fərqlənir. Daha müasir texnologiyalarda bir kubmetr 50 qəpikdən-2 manata qədər dəyişə bilər. Bu, membranların qiymətindən asılıdır. Bütünlükdə satış qiyməti min litr su üçün 1.50-2 AZN arasında ola bilər. Bu kifayət qədər iqtisadi baxımdan sərfəlidir.

Şirinləşdirilmiş dəniz suyu istifadəyə tam yararlıdır və istənilən məqsəd üçün istifadə oluna bilər. Duzsuzlaşdırılmış su sağlamlıq üçün heç bir təhlükə təşkil etmir.

Neft daşlarında bu sudan ancaq texniki məqsədlər üçün istifadə olunur. Kənd təsərrüfatı sahəsində nəzərə almaq lazımdır ki, köhnə suvarma yolu ilə bu sudan istifadə oluna bilməz. Suyun selləmə üsulu ilə sahəyə verilməsi iqtisadi baxımdan uyğun olmaya bilər. Lakin damcı suvarma üsulu ilə duzsuzlaşdırılmış sudan istifadə məqsədəuyğundur".

0