Koronavirusdan sonra daha bir təhlükə: "Yoluxan uşaqların sayı çoxalıb"

ÖLKƏ
20:45 / 02.10.2023
329

Son günlər Ermənistanda qızılcaya yoluxanların sayı artır. Yeni rəqəmlərə görə, ölkədə 452 nəfərə qızılca diaqnozu qoyulub.

Həmçinin, ölkəmizdə də bu il qızılcaya yoluxanlar var. Rəsmi rəqəmlərə əsasən, bu il 24 nəfər qızılcaya yoluxub. Onu da qeyd edək ki, son bir neçə il idi ki, qızılcaya yoluxma qeydə alınmırdı.

Bəs qızılacanın yenidən aktivləşməsinin səbəbi nədir?

Həkim, farmakoloq Aydın Əliyev Hit.az-a açıqlamasında bildirib ki, koronavirusdan sonra digər infeksiyalar daha çox yayılmağa başlayıb:

"Son zamanlar qızılcaya yoluxan uşaqların sayı çoxalıb. Bununla bağlı dövlətin qorunma tədbirləri olmalıdır. Xüsusilə koronavirus infeksiyasından sonra digər növ viruslar da yayılmağa başlayıb. Çünki bədənimiz koronavirusdan sonra zəifləyib, immunitet səviyyəmiz aşağı düşüb. Bədən zəifləyəndə də istənilən patologiyadan olan virusa yoluxa bilir. Xüsusilə uşaqlarımızı bu kimi xəstəliklərdən qorumaq üçün təmiz hava qəbul etməsinə şərait yaratmalı, sağlam qidalandırmalıyıq. Süni qidalar artır, bunun özü də bənzər viruslara daha tez yoluxmağa şərait yaradır. Qızılcadan qorunmağın ən təsirli yolu isə peyvənd olunmaqdır. Həmçinin, vaxtında həkimə müraciət etməkdir".

Aynur Əli

0