Yeni bilgilər, dostlar və motivasiya qazanan şagirdlər: Şəxsiyyət kimi formalaşır, yeni dünya ilə tanış oluruq - SORĞU
SOSİAL
19:22 / 01.04.2024
664

Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsü həyata keçirilməkdədir. 

Təşəbbüs çərçivəsində Lerik, Qusar və Beyləqan rayonunun ucqar kəndlərində yaşayan abituriyentlər ali məktəbə qəbul imtahanlarına hazırlaşdırılır. Eyni zamanda, onların psixoloji hazırlıq səviyyəsinin yüksəldilməsi və dünyagörüşlərinin artırılması məqsədilə psixoloji təlimlər və müxtəlif ictimai mövzularda maarifləndirici seminarlar keçirilir. 

Təşəbbüsün 5 ayı artıq geridə qalıb və proqramdan faydalanan abituriyentlər dərslərin və seminarların onlara töhfəsi barədə öz fikirlərini bölüşüblər. Təşəbbüs iştirakçısı olan şagirdlərin sorğusunu təqdim edirik:

Səkinə Mikayılova, Beyləqan rayonu, Çəmənli kəndi:

“Layihə nəticəsində hər şeydən əvvəl mən bir-birindən savadlı gözəl müəllimlər,insanlar tanıdım və yeni dostlar qazandım. Müəllimlərim hər bir fənni mənə çox sadə və aydın şəkildə mənimsətdi. Onların sayəsində yeni və dəqiq bilikər əldə etdim. Qazandığım bilik sınaq imtahanlarından yüksək nəticə ilə çıxmağıma səbəb oldu. Layihə komandasının mənim dünyagörüşümün inkişafında, həyata münasibətimin müsbətə doğru dəyişməsində də böyük rolları oldu. Müəllimlərimizin bizə yanaşmaları mənə müəllim olmağı sevdirdi, mən də gələcəkdə belə bir müəllim olmaq istəyirəm.

Layihə çərçivəsində keçirilən görüşün, eləcə də hər bir təlimin, dərsin, seminarın mənim üçün əhəmiyyəti çox böyükdür. Psixoloq təlimləri nəticəsində mən öz psixologiyamı öyrəndim, özümü tapdım və psixoloji problemlərimi həll edə bildim. İmtahan stressimi yendim və gözəl nəticələr əldə etdim. Sosioloqun seminarları nəticəsində mən təhsilin bir qız uşağı kimi həyatımda necə vacib və əhəmiyyətli olduğunu anladım. Nəticə olaraq mən özümü bir şəxsiyyət kimi formalaşdırmağın yollarını öyrəndim”.

Qafarova Afaq, Lerik rayonu, Dızdipok kəndi:

“Layihə mənim həyatıma təhsildən əlavə, yeni dostlar və peşəkar müəllimlər qazandırdı. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin bu təşəbbüsünə qoşulandan sonra çox ali dəyərlərlə tanış oldum, gender bərabərliyi, təhsil, incəsənət, seçdiyimiz peşə, sağlam mühitin həyatımızdakı rolunu anladım. Onlar bunu mənə və yoldaşlarıma səmimiyyət, səbir, mehribanlıq, sadəlik, ən əsası sevgi ilə aşılayırlar. 

Layihə başlayandan bəri psixoloq təlimlərinin köməyi ilə həyatıma tam baxışımı izlədim. Sanki mən içimdə yenidən özümü gördüm, özümə dönüş etdim. Mən özümlə danışanda rahat qərar verə bilmirdim, lakin Rübabə Mərdanova məni təmkinlə dinləyir, məsləhətlər verir, çıxış yolunu göstərir.

Tural Cəfərovun seminarları isə bizi hər dəfə yeni bir aləmlə tanış edir. Onun çox sadə formada izah etdiyi yeni və həyati mövzular, verdiyim sualların cavabları əsasında mən gələcək ixtisasımın seçiminə qərar verməkdə çətinlik çəkmirəm, artıq rahatam”.

Gülşən Mustafayeva, Qusar rayonu, Girik kəndi:

“Bu layihə mənim üçün də çox önəm daşıyır. Proqram nəticəsində buraxılış imtahanında yüksək bal toplayaraq, böyük bir imtahanın öhdəsindən gəlmiş oldum. Müəllimlərimiz və keçdiyimiz dərslər sayəsində bilmədiklərimizi öyrənib, bildiklərimizi də təkrarlamış oluruq. Psixoloq təlimləri nəticəsində özümüzü tanıdıq və təkmilləşdirməyə çalışdıq. Bizim yaxşı təhsil almağımızda əməyi olan hər kəsə, hər bir müəllimə öz təşəkkürümü bildirirəm”.

Böyükkişi Miriyev, Beyləqan rayonu, Aşağı Çəmənli kəndi:

“Rəqəmsal təhsil və mentorluq proqramı”nda iştirak etməyim buraxılış və blok imtahanlarına hazırlaşmağıma çox kömək oldu. Layihə çərçivəsində keçirilən təlimlər həyatımda və dərslərimdə böyük motivasiya yaratdı. Həmçinin, gələcəkdə hansı peşəyə sahib olacağımla bağlı doğru istiqamət verdi. Yaxşı ki, bu təşəbbüs və komandayla tanış oldum. Əməyi və zəhməti olan hər kəsə təşəkkür edirəm”. 

Milana Xıdırova, Qusar rayonu, Girik kəndi:

“Layihə ümumilikdə mənim həyatıma yaxşı təsir etdi. Belə ki, yeni müəllimlərin, yeni dostların qazanılması, onlarla birlikdə dərslərimə çalışmağın təhsilimlə yanaşı, həyatıma da müsbət təsirlərini gördüm. Seminarlarda qoyulan mövzular mənim üçün yararlı oldu. Həmin seminarlarda o biri şagirdlərin fikirlərini də eşidərək öz şəxsi fikirlərimi onlarla müqayisə etməyə, hər kəsin fikrinə hörmətlə yanaşmağa başladım. Psixoloq Rübabə xanımın dərslərində həyəcanı yox etməyi , Tural bəyin seminarlarında təhsilin fərqli yönləri ilə bağlı çox şeyi öyrəndim. Mən və valideynlərim bu layihə üçün minnətdarıq”. 

Hüseyn Vəlizadə, Lerik rayonu:

“Belə bir layihə ilə ilk dəfə qarşılaşırdım və bir abituriyent olaraq həyatımın məsuliyyətli və həyəcanlı bir dövründə burada olduğum üçün şanslıyam. Layihə nəticəsində keçdiyimiz fənlərə, təhsilə, həyata aid çox şey öyrəndik. Gələcəyimizlə bağlı planlarımızı inkişaf etdirdim, stimul qazandım, çətinliklərimin öhdəsindən gəldim. Layihə rəhbəri və müəllimlərlə olan münasibətimiz bizə özümüzü yaxşı hiss etdirir. Hər şey üçün təşəkkür edirəm”. 

Türkanə Həzili, Beyləqan rayonu, Çəmənli kəndi:

“Bu təşəbbüs ilə tarix müəllimim sayəsində tanış oldum. Proqrama qoşulmaqla  yeni beyinlərlə tanış oldum. Məni narahat edən suallara cavablar tapdım. Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi həm təhsil, həm də şəxsi həyatıma müsbət təsirsiz ötüşmədi. Layihənin ən sevdiyim tərəfi üzvlərinin səmimi olmasıdır. Seminarlar tam rahat və səmimi mühitdə keçirilir. Bu mühitdə fikirlərini rahat şəkildə ifadə edə bilirsən. Rübabə xanımın imtahana hazırlıq seminarları və Tural Cəfərovun dünyagörüşün inkişafı üçün etdiyi maraqlı mülahizələr bizim üçün çox faydalıdır. Birliyə və təşəbbüsün dəstəkçisi olan təşkilatlara gələcəyimizin inkişafı yolunda etdiyi bütün yeniliklər üçün təşəkkür edirəm”.

Ziyafət Aydəmirova, Qusar rayonu, İmamqulukənd kəndi:

“Bu proqrama qoşulmaq mənim həyatıma həm müsbət təsir etdi, həm də bir çox dəyişikliklərə səbəb oldu. Bu il buraxılış imtahanı olacaq və mən özümü imtahana tam hazır hiss edirəm. Bizə lazım olan fənlər üzrə keçirilən dərslər, eləcə də təlimlər mənə çox kömək edir.

Layihə çərçivəsində psixoloq Rübabə xanımın psixoloji seminarları nəticəsində bir çox şeylər qarşısında keçirdiyimiz qorxu və həyəcanımıza qalib gəlməyi öyrəndik. Ən əsası, bizim balacalıqdan eşitdiyimiz, hər eşidəndə həyəcan keçirdiyimiz “imtahan” sözündən qorxmamağı anladıq. Tural bəyin keçdiyi seminarlar, bizimlə birgə apardığı müzakirələr nəticəsində qadın hüquqları haqqında, universitet təhsilinin insan həyatında rolunun əhəmiyyəti barədə məlumatlar əldə etdik. 

Fikir və düşüncələrim, həqiqətən, çox dəyişib, inkişaf etdi. Buna görə özümü çox minnətdar hiss edirəm”.

Gülər Nəcəfova, Lerik rayonu, Sors kəndi:

“Bu layihədə xüsusilə kimya fənnini yaxşı mənimsədim, bilmədiklərimi öyrəndim. Psixoloqun dəstəyi ilə həyəcanımı aşdım, özgüvən qazandım”.

Anora Abbasova, Qusar rayonu, İmamqulukənd kəndi:

“Layihədə xüsusilə özgüvən və motivasiya qazandım, imtahan həyəcanım azaldı. Ümumilikdə aparılan söhbətlər, müzakirələr mənə yaxşı təsir, sanki zamanla özümü tapıram. Onlayn dərslər vasitəsilə bilmədiklərimi öyrəndim, biliyimi möhkəmləndirdim. Sizi tanımaq xoş idi, minnətdaram”. 

Emil Həzili, Beyləqan rayonu, Çəmənli kəndi:

“Layihə yeni insanlarla tanış olmağıma vasitəçi oldu. Müəllimlərin və bəzi uşaqların davranışları, mehribanlıqları mənə dərs oldu. Tural Cəfərovun seminarları məni təhsil və ixtisas seçimi ilə bağlı olan fikrilərimə yenidən göz atmağa sövq etdi”.

Liana Əliməhəmmədova. Qusar rayonu, Girik kəndi:

“Özümü bu proqramda olduqda çox sərbəst hiss edirəm. Dünyagörüşümü inkişaf etdirmək üçün layihənin davam etməsini çox istərdim. Psixoloq seminarları vasitəsilə özümdə olan natamamlıqları kəşf etdim və onların üzərində işləməyə başladım. Getdikcə özümü daha tam hiss edirəm. Sosial problemlərin həllində təlimçilərin yeni versiyaların irəli sürmələri məni də çoxlu yeniliklərlə tanış etdi”.

Nəzrin Cumartova, Qusar rayonu, İmamqulukənd kəndi:

“Bu təşəbbüsün mənə inanılmaz böyük təsiri oldu. Bizim inkişafımız, dünyagörüşümüz üçün, daha yaxşı təhsil almağımız üçün çabalayırsınız. Biz də bizə olan etdimadı doğrultmaq, zəhməti yerdə qoymamaq üçün çalışırıq. Təhsilin həyatımızdakı önəmini anlamaq, şəxsən mənim üçün motivasiya ola biləcək şeyləri tapmaq, içimdəki qorxuların öhdəsindən gəlmək əayihədə əməyi keçən hər kəsə təşəkkür edirəm!”

Çinarə Məmmədova, Beyləqan rayonu, Şərq qəsəbəsi:

“Bu layihə mənim üçün çox önəmlidir. Çünki burada zəif tərəflərimi gücləndirmək, güclü tərəflərimi təkmilləşdirmək imkanı tapdım. Əsasən riyaziyyat dərsləri çox köməyimə çatdı. Psixoloq dərsləri də mükəmməl idi, savadlı, intellektli bir psixoloqla görüş, söhbət çox keyfiyyətli idi. Həyatımızın vacib nöqtəsi olan təhsilimizdə bizə dəstək göstərdiyiniz üçün çox sağ olun”.

Qeyd edək ki, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının "Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin "Ucqar kəndlərdəki abituriyentlər üçün rəqəmsal təhsil və mentorluq proqramı" təşəbbüsünü Umay Təlim Mərkəzi icra edir.

0