“Psixoloqların vahid reyestri yaradılmalıdır” - Psixoloq

SOSİAL
13:45 / 19.08.2026
244

“Bu gün psixologiya sahəsində ən ciddi problemlərdən biri peşənin sosial şəbəkələrdə həddindən artıq sadələşdirilməsidir”. 

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, bir neçə psixoloji paylaşım etmək, qısa müddətli təlimdə iştirak etmək və sertifikat almaq insanı avtomatik olaraq psixoloq etmir:


“Psixoloq olmaq üçün müvafiq ali təhsil, peşəkar hazırlıq, ixtisaslaşma, praktiki təcrübə və etik prinsiplərə riayət tələb olunur. Xüsusilə klinik psixologiyada bu məsələ daha həssasdır. Çünki biz insanın psixoloji vəziyyəti, travmaları, emosional çətinlikləri və bəzən psixiatrik simptomları ilə işləyirik. Səriştəsiz müdaxilə nəinki faydasız ola bilər, hətta insanın vəziyyətini ağırlaşdıra bilər”.

Psixoloq qeyd edib ki, sosial şəbəkələrdə elmi əsası olmayan psixoloji məlumatların yayılması da ciddi problemdir:
“Məsələn, hər davranışı “travma”, hər məsuliyyətsizliyi “narsisizm”, hər kədəri isə “depressiya” kimi təqdim etmək doğru deyil. Diaqnostika bir neçə saniyəlik müşahidə və ya sosial media paylaşımı əsasında aparılmır. Bunun üçün peşəkar qiymətləndirmə və klinik yanaşma lazımdır.

Hesab edirəm ki, psixoloqların vahid reyestrinin yaradılması çox vacib addımdır. İnsan müraciət etdiyi mütəxəssisin hansı təhsilə malik olduğunu, hansı istiqamətdə ixtisaslaşdığını və peşəkar fəaliyyət üçün lazımi meyarlara cavab verib-vermədiyini yoxlaya bilməlidir”.

Həmsöhbətimiz diqqətə çatdırıb ki, bu, həm pasiyentin təhlükəsizliyi, həm də peşəkar psixoloqların hüquqlarının qorunması baxımından əhəmiyyətlidir:
“Eyni zamanda, bu sahədə müəyyən yoxlama və nəzarət mexanizmlərinin olması da vacibdir. Burada məqsəd psixoloqların fəaliyyətinə əsassız müdaxilə etmək deyil. Məqsəd özünü psixoloq kimi təqdim edən, lakin müvafiq təhsili və kompetensiyası olmayan şəxslərin insanların psixoloji sağlamlığı ilə işləməsinin qarşısını almaqdır.

Pasiyentlər də mütəxəssis seçərkən daha diqqətli olmalıdırlar. Psixoloqun təhsilinə, ixtisasına, təcrübəsinə və istifadə etdiyi metodlara baxmaq lazımdır. “Bir seansda bütün travmalarınızı siləcəyəm”, “sizin probleminizin səbəbini ilk görüşdə müəyyən edəcəyəm” kimi vədlər peşəkarlıq göstəricisi deyil”.

Zəhra Zahidova vurğulayıb ki, psixologiya insanların həyatına birbaşa təsir edən ciddi və məsuliyyətli bir peşədir: 
“Buna görə də bu sahədə əsas prinsip “kim özünü psixoloq adlandırır?” deyil, “kim bu peşəni icra etmək üçün lazımi kompetensiyaya malikdir?” sualı olmalıdır. Məncə, vahid reyestr, aydın peşə standartları, etik kodeks, nəzarət mexanizmləri və ictimai məlumatlandırma birlikdə tətbiq olunarsa, psixoloji xidmətin keyfiyyətini və cəmiyyətin bu sahəyə olan etimadını əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Çünki psixoloq adı sadəcə bir titul deyil. Bu, insanın psixoloji sağlamlığı qarşısında böyük məsuliyyətdir”.

Pərviz

0