Son illərdə falçılıq, cadu və müxtəlif mistik ayinlərə marağın artması diqqətçəkən məsələlərdən birinə çevrilib.
Artıq bu cür xidmətlər yalnız şəxsi tanışlıq və tövsiyələr vasitəsilə deyil, sosial şəbəkələr üzərindən də geniş şəkildə təbliğ olunur. Bəzi şəxslər özlərini falçı, cadu açan və ya xüsusi gücə malik insanlar kimi təqdim edərək müxtəlif problemlərin həllini vəd edir, xidmətlərini isə müəyyən məbləğ qarşılığında təklif edirlər.
Qiymətlər bəzən 50 manatdan başlayır, hətta ayrı-ayrı elanlarda 8-10 min manatadək yüksəlir. Şam yandırmaq, müxtəlif əşyalar, yağlar və başqa vasitələrdən istifadə etmək, guya qəbiristanlıqdan nəsə gətirməklə cadu açmaq kimi iddialar da bu təkliflər arasında yer alır. Lakin bütün bu vədlərin arxasında hansısa real təsirin olub-olmaması ciddi suallar doğurur.
Bəs insanları belə şəxslərə müraciət etməyə vadar edən nədir? Ailə münasibətlərindəki problemlər, qarşılıqsız sevgi, maddi çətinliklər, işsizlik, xəstəlik və gələcəklə bağlı qeyri-müəyyənlik insanları çıxış yolu axtarmağa sövq edə bilərmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam dinində cadu və sehrin mövcudluğu qəbul edilir və bu barədə Qurani-Kərimdə də məlumatlar yer alır:
“Lakin bu halların mövcudluğunun dini baxımdan təsdiq edilməsi həmin əməllərin icazəli olması anlamına gəlmir. İstər cadu ilə məşğul olmaq, istərsə də hansısa məqsədlə falçılara və cadugərlərə müraciət etmək dini baxımdan günah hesab olunur. İslam dininə görə cadu və sehr mövcuddur, onların təsirinin olduğu da qəbul edilir. Eyni zamanda, bu əməllərlə məşğul olmaq din tərəfindən qadağan olunur.
Yəni bir hadisənin mövcudluğunun qəbul edilməsi onun halal və ya məqbul olması demək deyil. İnsan hətta hansısa işinin düzəlməsi, ruzisinin artması, yaxud həyatında müəyyən dəyişikliklərin baş verməsi məqsədilə belə şəxslərə müraciət etməməlidir. Çünki burada niyyətin yaxşı olması həmin əməlin dini baxımdan icazəli olması anlamına gəlmir. Falçılıq, cadugərlik və gələcəkdən xəbər vermək kimi fəaliyyətlər İslamda günah sayılır”.
Onun sözlərinə görə, bu sahədə fəaliyyət göstərən şəxslərin böyük əksəriyyəti insanları aldatmaqla məşğuldur:
“Azərbaycanda cadugərlik və falçılıqla bağlı leqal təhsil, xüsusi məktəb və ya sistemli hazırlıq mexanizminin olmaması bu sahədə primitiv və qeyri-peşəkar üsulların yayılmasına şərait yaradır. Bu işlə məşğul olanların bir çoxu müxtəlif kitablardan, ayrı-ayrı mənbələrdən öyrəndiklərini və ya nəsildən-nəslə ötürülən ənənələri əsas götürürlər. Nəticədə insanların əksəriyyəti dələduzluq və şarlatanlıq yolu ilə pul qazanmağa çalışır.
Sosial şəbəkələrdə, xüsusilə TikTok-da bu cür şəxslərin insanları özlərinə cəlb etmək üçün müxtəlif üsullardan istifadə etdiklərini görürük. Onlar insanların psixoloji vəziyyətindən, qorxularından və problemlərindən yararlanaraq müəyyən vədlər verir, bunun müqabilində pul tələb edirlər”.

Həmsöhbətimiz hesab edir ki, insanların falçılığa və cadugərliyə meyl göstərməsinin əsas səbəblərindən biri cəmiyyətdə xurafat və mövhumatın hələ də güclü olmasıdır:
“Dinlə xurafatın bir-birindən fərqləndirilməməsi bu kimi inancların yayılmasına şərait yaradır. Tarixən cəmiyyətimizdə qeyri-adi hadisələrə, fövqəladə qüvvələrə və möcüzəvi hesab edilən məsələlərə böyük maraq olub. Hətta sovet dövründə Şəmkirin bir kəndində İmam Mehdinin zühur etməsi barədə yayılan şayiə nəticəsində müxtəlif bölgələrdən insanların ora axışdığı, eləcə də 1970-ci illərdə İçərişəhərdə oxşar bir hadisənin böyük izdihama səbəb olduğu barədə nümunələr var.
Bu cür yanaşmalar insanların dinlə xurafatı qarışdırmasının göstəricisidir. Falçılıq, cadugərlik və baxıcılıq da xurafatın tərkib hissəsidir, amma bəzi şəxslər bunları dini fəaliyyət kimi təqdim edir, özlərini din xadimi və ya xüsusi dini biliyə malik insanlar kimi göstərirlər”.
Ekspert əlavə edib ki, falçılığa müraciətin arxasında çox vaxt insanların psixoloji sarsıntıları, sosial problemləri və mənəvi boşluqları dayanır:
“İnsanlar həyatlarında qarşılaşdıqları çətinliklərin həlli üçün çıxış yolu tapa bilmədikdə qeyri-adi qüvvələrə və möcüzəvi vədlərə üz tuturlar. Bəzən insanlara hansısa hadisənin baş verəcəyi və ya müəyyən xəstəlikdən dünyasını dəyişəcəkləri deyilir.
Bu fikirlər onların şüuruna yerləşdirildikdən sonra ciddi psixoloji təsir yarada bilər. İnsan həmin düşüncənin təsiri altında davranışlarını dəyişir, öz qorxularını daha da gücləndirir və bəzən baş verən hadisələri əvvəlcədən deyilənlərlə əlaqələndirir”.
İlahiyyatçı vurğulayıb ki, burada psixoloji təsirin və insanın öz davranışları ilə nəticəyə təsir etməsinin mühüm rolu var:
“Cəmiyyətdə mənəvi aclıq, ümidsizlik və maarifləndirmə çatışmazlığı aradan qaldırılmalıdır. Televiziya və digər media vasitələrində alimlərə, mütəxəssislərə, peşəkar din xadimlərinə, yazıçılara və ziyalılara daha çox yer verilməli, insanların mənəvi ehtiyaclarının qarşılanmasına diqqət artırılmalıdır. Əks halda, mənəvi boşluq insanları falçılığa, xurafata, radikal dini cərəyanlara, narkomaniyaya və digər zərərli istiqamətlərə yönəldə bilər”.
Sevinc


