Son dövrlər avtomobil bazarında diqqətçəkən məqamlardan biri də istismar müddəti kifayət qədər uzun olan bəzi nəqliyyat vasitələrinin qeyri-adi yüksək qiymətlərlə satışa təqdim edilməsidir.
Xüsusilə sovet dövründən qalan VAZ modelləri və ötən əsrin 90-cı illərinə aid “Mercedes” avtomobilləri üçün on minlərlə manat tələb olunur. Maraqlıdır ki, bəzi hallarda texniki vəziyyəti və xarici görünüşü qənaətbəxş olmayan, uzun müddət hərəkətsiz qalan avtomobillər belə yüksək qiymətlə elan saytlarında yer alır.
Belə avtomobillərin dəyərinin hansı meyarlarla müəyyənləşdirilməsi sual doğurur. Qiymətlərin bu qədər yüksəlməsində kolleksiya marağı, nostalji hissi, avtomobilin nadirliyi, yoxsa bazarda formalaşan süni qiymət artımı əsas rol oynayır?
Nəqliyyat eksperti Ərşad Hüseynov Hit.az-a açıqlamasında deyib ki, belə avtomobillər kütləvi deyil, tək-tük nümunələrdir:
“Onları əldə etmək istəyən insanların sayı da çox deyil. Hər kəs klassik və raritet avtomobillərə maraq göstərmir. Bu avtomobillərə maraq daha çox kolleksiya xarakteri daşıyır. Onları alan şəxslər, bir qayda olaraq, gündəlik istifadəni deyil, kolleksiya məqsədini əsas götürürlər.
Həmin alıcılar avtomobilin gələcək dəyərini də nəzərə alırlar. Düşünürlər ki, bu gün müəyyən qiymətə aldıqları avtomobilin 20-30 il sonra dəyəri bir neçə dəfə arta bilər. Bu baxımdan belə avtomobillər adi nəqliyyat vasitəsi kimi deyil, kolleksiyanın dəyərli bir nümunəsi kimi əldə olunur. Onların əsas məqsədi hər gün bu avtomobilləri idarə etmək deyil”.
Ekspert hesab edir ki, raritet avtomobillərin qiymətləri digər nəqliyyat vasitələrindən fərqlənir:
“Burada həm avtomobilin nadirliyi, həm orijinallığı, həm də kolleksiya dəyəri mühüm rol oynayır. Bunu həm avtomobili satışa çıxaranlar, həm də onu almaq istəyən kolleksiyaçılar yaxşı anlayırlar. Nadir və kolleksiya xarakterli avtomobillərin yüksək qiymətə satışa çıxarılması ümumi avtomobil bazarındakı qiymət formalaşmasına aid edilə bilməz”.
Onun sözlərinə görə, avtomobil bazarını yaxşı tanıyan şəxslər bu iki istiqamət arasındakı fərqi aydın şəkildə anlayırlar:
“Belə tək-tək nüsxələrin yüksək qiymətlərlə satışa təqdim olunması ümumi avtomobil bazarındakı qiymətlərə təsir edən və ya həmin qiymətləri xarakterizə edən yanaşma deyil. Çünki gündəlik istifadə üçün nəzərdə tutulan, adi nəqliyyat vasitəsi kimi alınan avtomobillərin qiyməti tamamilə fərqli iqtisadi və bazar meyarları əsasında formalaşır. Burada avtomobilə olan tələb, təklif, texniki vəziyyət və digər iqtisadi amillər nəzərə alınır. Raritet və kolleksiya avtomobillərinin qiymətlərini isə bu meyarlarla eyniləşdirmək düzgün olmaz”.
Sevinc


