Narsist insanı necə tanıyaq? – Psixoloqdan AÇIQLAMA

SAĞLAMLIQ
16:00 / 27.11.2026
161

“Əfsuslar olsun ki, bəzən münasibətdə olduğumuz şəxs narsist olur”.

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, münasibətdə olduğumuz şəxsin narsist olub-olmadığını anlamaq üçün təkcə onun özünü sevməsinə, qısqanclığına və ya bəzən eqoist davranmasına baxmaq kifayət deyil: 


“Əsas məsələ onun təkrarlanan davranışlarıdır. Burada bir çox nüansa diqqət etmək lazımdır. Narsist davranışların əsas əlaməti empatiyanın zəif olmasıdır. Qarşısındakı insan incindiyini bildirdikdə, onu anlamağa çalışmaq əvəzinə “çox şişirdirsən”, “burada bir problem yoxdur, niyə problem yaradırsan?” kimi sözlər deyərək bunu kiçiltməyə başlayır”.

Ekspert qeyd edib ki, sağlam münasibətdə insan razılaşmasa belə, qarşı tərəfin hisslərini ən azından nəzərə ala bilir:
“Ancaq narsistlərdə belə olmur. Həmçinin, bu şəxslər diqqət və təsdiq gözləyirlər. Yəni öz uğurlarının və ehtiyaclarının, istəklərinin daim ön planda olmasını istəyirlər. Qarşısındakı insanların, hətta münasibətdə olduğu şəxsin isə uğurlarını kiçildir və mövzunu yenidən özünə döndərir. Narsist insanlar qarşısındakının sərhədlərinə hörmət etmir, “yox” cavabını qəbullanmır və öz istəklərini hər şeydən üstün tutur”.

Mütəxəssisin sözlərinə görə, narsist insanlarda məsuliyyəti üzərinə götürməmək problemi də olur:
“Mübahisə olduğu zaman hər dəfə qarşısındakı insanı günahlandırır. Üstəlik, qarşısındakını həddindən artıq həssas olmaqda və yaddaş zəifliyində ittiham edərək psixoloji manipulyasiyaya başlayır. Bundan başqa, həmin şəxslər münasibətdə olduğu insanı ilk vaxtlarda həddindən artıq ideallaşdırır, sonradan isə tez-tez tənqid edir, alçaldır və hətta dəyərsiz hiss etdirir. 

Eyni zamanda, bu şəxslərdə nəzarət və üstünlük ehtiyacı da olur. Yəni münasibətdə qərarların əsasən onun istədiyi kimi verilməsini tələb edir və müstəqilliyinizə, dostlarınıza, şəxsi seçimlərinizə qədər hər şeyə müdaxilə etməyə çalışır. Bütün bunları edən şəxslər narsist insanlardır”. 

Lakin Nabat Mirzəyeva diqqətə çatdırıb ki, narsistlik şəxsiyyət pozuntusu kimi yalnız mütəxəssis tərəfindən geniş və sistemli qiymətləndirmə sahəsində müəyyən edilir:
“Yəni bir insanın eqoist, manipulyativ və emosional cəhətdən zərərli davranması avtomatik olaraq həmin diaqnozu daşıması demək deyil. Əsas məsələ insan münasibətdə özünü təhlükəsiz və dəyərli hiss etməsidir. Sağlam münasibətdə fikir ayrılığı ola bilər, amma insan özünü davamlı günahkar, dəyərsiz və qorxu içində hiss etməməlidir. Qarşı tərəfin davranışını dəyişmək üçün onun diaqnozunu sübut etməyə ehtiyac yoxdur”.

Pərviz

0